"Bu ixtisaslara qısamüddətli maraq artacaq" - AÇIQLAMA

"Bu ixtisaslara qısamüddətli maraq artacaq" - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Məhkəmələrdə məhkəmə iclas katibi vəzifəsinə qəbul üçün ixtisas tələbləri genişləndirilib. Yeni qaydalara əsasən, artıq yalnız hüquq ixtisası deyil, filologiya, fəlsəfə, tərcümə, jurnalistika, tarix, politologiya, psixologiya, sosiologiya, regionşünaslıq, beynəlxalq münasibətlər, kitabxanaçılıq və informasiya, dövlət və ictimaiyyətlə əlaqələr, sosial idarəetmə kimi sahələrin məzunları da bu vəzifəyə müraciət edə biləcəklər.

 

Məlumata görə, ixtisas dairəsinin genişləndirilməsi Şuraya aid ərazilərdə hüquqşünas kadrlara yaranmış əlavə ehtiyac və məhkəmə aparatında texniki-personal çatışmazlığı ilə izah olunur. Lakin qərar hüquq təhsili alan gənclər və hüquqşünaslar arasında etirazla qarşılanıb.

 

Sosial şəbəkələrdə “boşuna oxumuşam”, “ədalətsiz qərardır” kimi narazılıqlar səslənir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli qərarı şərh edib və müxtəlif ixtisasların siyahıya əlavə edilməsinin səbəbləri barədə danışıb.

 

Onun fikrincə, bu qərarla bağlı reaksiyaların verilməsi anlaşılandır:

 

"Məhkəmə iclas katibi vəzifəsinə qəbul üçün ixtisas dairəsinin genişləndirilməsi cəmiyyətdə müxtəlif reaksiyalar doğurması tamamilə anlaşılandır. Xüsusilə də uzun illər hüquq təhsili almış gənclərin bu qərara münasibəti həssasdır. Burada iki əsas məqamı düzgün qiymətləndirmək lazımdır: həm hüquq təhsili alanların üstünlüyünün necə qorunacağı, həm də yeni dairəyə daxil edilən ixtisasların bu sahədə real uğur perspektivi”.

 

Ekspert məhkəmə iclas katibinin yalnız hüquqi ekspertiza aparan və ya prosessual qərar verən bir post olmadığını bildirib:

 

“Bu vəzifə daha çox texniki-prosessual idarəçilik, məhkəmə sənədlərinin düzgün rəsmiləşdirilməsi, protokolların dəqiq hazırlanması, kommunikasiya bacarığı və yüksək intizam tələb edən bir mexanizmdir. Yəni bu işin mahiyyəti genişdir və müəyyən hallarda filologiya, tərcümə, politologiya, psixologiya, sosiologiya və oxşar ixtisaslar da bu funksiyaların yerinə yetirilməsi üçün uyğun ola bilər. Buna görə də ixtisas dairəsinin genişləndirilməsi təşkilati ehtiyacdan irəli gələn addım kimi qiymətləndirilə bilər. Amma burada çox vacib bir nüans var. Hüquq təhsili alanların üstünlüyü heç bir halda itirilmir. Məhkəmə sisteminin strukturu və vəzifələrin mahiyyəti göstərir ki, uzunmüddətli karyera yüksəlişi, hüquqi məsuliyyəti olan və daha yüksək səlahiyyət tələb edən bütün postlara keçid yalnız hüquq təhsili olan şəxslər üçün mümkündür. Yəni hüquqşünaslar üçün karyera perspektivi daha geniş və dərin olaraq qalır. Məhkəmə iclas katibi kimi başlanğıc vəzifələrdə rəqabətin artması isə hüquqşünasların rolunu azaltmır, əksinə, daha keyfiyyətli kadr seçimini təmin edir”.

 

Mütəxəssis yeni ixtisasların bu sahədə uğurlu olub-olmayacağının bir sıra faktorlara əsaslandığını qeyd edib:

 

“Bu birbaşa iki faktordan asılıdır, yəni şəxsin öz peşə hazırlığı və əlavə hüquqi bilikləri mənimsəmək istəyindən. Qanunvericilik, prosessual normalar, məhkəmə sistemi ilə işləmək bacarığı olmayan heç bir namizəd fərqli ixtisasdan gəlsə belə, bu vəzifədə uzunmüddətli və uğurlu ola bilməz. Ona görə də ixtisas genişlənməsi yalnız ilkin müraciət hüququ verir, peşəkar uyğunluğu isə müsahibə, imtahan və real iş təcrübəsi müəyyən edəcək. Məhz bu qərara görə filologiya, tərcümə, psixologiya və digər sahələrə marağın süni şəkildə artması isə ehtimal olunan, amma qısamüddətli bir tendensiya ola bilər. Çünki hər bir gənc anlayır ki, məhkəmə sistemi spesifik sahədir və burada peşəkar inkişaf hüquq biliklərini məcburi şəkildə tələb edir. Bu baxımdan, həmin ixtisaslarda kadr çatışmazlığı yaratmaq qədər geniş təsir gözlənilən deyil”.

 

Əmrah Həsənlinin fikrincə, qərarın mahiyyəti hüquqşünasların mövqeyini zəiflətmək deyil, məhkəmə aparatının texniki-personal ehtiyacını çevik şəkildə qarşılamaqdır:

 

“Hüquq təhsili alanların üstünlüyü həm funksional, həm də karyera baxımından dəyişməz qalır. Digər ixtisaslardan gələnlər isə yalnız öz bacarıqları və əlavə hüquqi hazırlığa olan həvəs və səyləri müqabilində bu sahədə uğur qazana bilərlər. Qərar hüquqşünasların uzunmüddətli karyera üstünlüyünə təsir etmir və məhkəmə sistemində yüksək səlahiyyətli vəzifələrə keçid üçün hüquq təhsili yenə də əsas şərt olaraq qalacaq”.

 

Bəsti Rəfizadə

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR