Siyavuş Novruzov: "Çoxsaylı xəstəxanalar, məktəblər tikilib və vətəndaşlar bundan faydalanır"

“Büdcə layihəsi təkcə maliyyə və iqtisadi deyil, həm də siyasi sənəddir”.
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, büdcənin siyasi sənəd olması ölkənin sabitliyinin, stabil inkişaf xəttinin və iqtisadiyyatın davamlı yüksəlişinin göstəricisidir. Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitlik beynəlxalq tədbirlərin sayına da əhəmiyyətli təsir göstərir.
O bildirib ki, 2023-2024-cü illərdə ölkədə 190-dan çox beynəlxalq tədbir keçirilib və bu say ildən-ilə artmaqdadır:
“Bir gündə belə demək olar ki, ölkəmizdə bir neçə beynəlxalq tədbir keçirilir. Bu, Azərbaycanın sabitliyinin, xalq birliyinin və ölkədə formalaşmış etibarlı təhlükəsizlik sisteminin nəticəsidir”.
S.Novruzov bu baxımdan büdcədə təhlükəsizlik və müdafiə xərclərinə ayrılan vəsaitlərin tam əsaslı olduğunu vurğulayıb:
"Bu gün ölkədə möhkəm təhlükəsizlik mühiti təmin olunursa, bu, həmin xərclərin düzgün yönləndirilməsinin nəticəsidir”.
Millət vəkili həmçinin neft gəlirləri ilə bağlı səsləndirilən fikirlərə da münasibət bildirib. O xatırladıb ki, neft kontraktlarının uğurlu icrası ölkəyə böyük maliyyə vəsaiti qazandırıb:
“Neftdən gələn gəlirlər Azərbaycanın infrastrukturunun yenilənməsinə, regionların inkişafına, sosial layihələrin həyata keçirilməsinə, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının maliyyələşdirilməsinə yönəldilir”.
Deputat vurğulayıb ki, məhz bu gəlirlər hesabına son illər ölkədə çoxsaylı xəstəxanalar, məktəblər inşa olunub, yollar çəkilib və bu infrastrukturdan birbaşa vətəndaşlar faydalanır.
S.Novruzov bildirib ki, dövlət büdcəsinin prioritetləri ölkənin dayanıqlı inkişafını, sosial rifahın gücləndirilməsini və təhlükəsizlik mühitinin qorunmasını təmin etməyə xidmət edir.
Firuzə Əliyeva
Sfera.az






