"Bütün problemlər icbari sığorta ilə həll oluna bilməz" - Deputat

"Bütün problemlər icbari sığorta ilə həll oluna bilməz" - Deputat
Kateqoriya məlum deyil
T

"Gələn ilin büdcəsində səhiyyə xərclərində ümumi artıma baxmayaraq, onkoloji xəstələr üçün dərman təminatı hələ də lazımi səviyyədə deyil".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, dünyada onkoloji xəstəlik ümidsiz diaqnoz kimi qəbul edilmir:

 

"Müasir terapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti on ildən daha uzun müddət yüksək həyat keyfiyyəti ilə yaşaya bilir. Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən, dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3-4 dəfə artım həyati zərurətdir. Bu səbəbdən də dövlətin onkoloji sahə üzrə proqramı çərçivəsində nəzərdə tutulan maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır".

 

R. Mahmudov deyib ki, bütün problemlərin yalnız İcbari Tibbi Sığorta çərçivəsində həll olunacağına inanmaq real yanaşma deyil:

 

"İcbari tibbi sığortanın (İTS) üzərinə düşən yük son illərdə həddindən artıq artıb. Onkoloji dərmanların tam İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər. Xəstələrin öz cibindən müalicə olunması real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir. Dövlət proqramları gücləndirildiyi halda nəticə dərhal görünəcək – minlərlə insanın həyat keyfiyyəti və sağ qalma şansı yüksələcək.Hazırda ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün potensialı yüksək, maddi-texniki bazası mövcud olan ixtisaslaşmış mərkəzlər var. Məhz bu mərkəzlərin effektiv işləməsini gücləndirmək əvəzinə, problemin həllini başqa strukturlarda axtarmaq bizi əsas hədəfdən uzaqlaşdırır, çox vacib vaxtımızı alır və ən əsası - xəstənin yaşamaq haqqını riskə atır. İTS bu sahənin əvəzedicisi deyil və ola da bilməz. İTS-in rolu - dövlət proqramını tamamlayaraq maliyyə imkanlarını genişləndirməkdir, onun yerini tutmaq deyil".

 

Millət vəkili qeyd edib ki, rezident həkimlərin əməkhaqqı məsələsinin də köklü həllini gözləyir:

 

"Bu məsələ tibb kadrlarının ölkədə qalmasına, keyfiyyətli xidmətə və insan kapitalının güclənməsinə birbaşa təsir edən əsas amildir. Biz bu gün təkcə rəqəmləri yox, insanların həyatını, gələcəyini, rifahını müzakirə edirik".

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR