Onlay narkotik biznesi: onları hansı cəza gözləyir?

Onlay narkotik biznesi: onları hansı cəza gözləyir?
Kateqoriya məlum deyil
T

Son aylarda sosial şəbəkələrdə, xüsusilə də gənclər arasında populyar olan “TikTok” platformasında narkotik vasitələrin açıq şəkildə reklamı və satışı ilə bağlı çoxsaylı videoların yayılması ictimai narahatlıq yaradıb.

 

Müxtəlif platformalarda rarkotik vasitələrin  “asandır”, “təhlükəsizdir” və “onlayn əldəolunan” kimi təqdim olunması, hətta ünvan və qiymət məlumatının açıq şəkildə paylaşılması tendensiyası müşahidə olunur.

 

Belə halların artması həm gənclər üçün ciddi təhlükə yaradır, həm də geniş kütlə arasında narkotik asılılığına təhrik riskini gücləndirir. Mövzunun aktuallığı, sosial şəbəkələrdə narkotik satışının artması və bununla bağlı ictimai narazılığın yüksəlməsi fonunda Sfera.az-a açıqlama verən vəkil Babək Umudov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində sosial şəbəkə vasitəsilə narkotik satışına görə ciddi sanksiyaların nəzərdə tutulduğunu deyib:

 

 

“Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər şəxs sosial şəbəkə vasitəsi ilə bu maddələri yetkinlik yaşına çatmayan şəxslərə də satırsa, o halda Cinayət Məcəlləsinin 234.3-cü maddəsinə əsasən 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Həmçinin, vəkil bildirib ki, şəxs bu əməllərini mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədirsə, 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (CM 234.4.4).

 

“Bundan başqa, KİV vasitəsi ilə narkotik vasitələrin satışı həm də onların istehlakını təhrik etmə sayıla bilər. Belə olduqda isə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Göründüyü kimi, sosial şəbəkə vasitəsilə narkotik vasitələrin satışı həm də onların istifadəsinə təhriki də ehtiva etdiyi halda şəxs bu əməllərinə görə cinayətlərin məcmusu qaydasında məsuliyyət daşıyacaq. Belə olduqda şəxs hər cinayətə görə təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının cəmi qədər, lakin hər bir halda 20 ildən çox olmayan müddətə azadlıqdan məhrum edilə bilər”.

 

Sfera.az mövzu ilə bağlı Daxili İşlər Nazirliyinə də sorğu ünvanlayıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri polis əməkdaşları tərəfindən daim diqqətdə saxlanılır:

 

 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar daim yoxlanılır. Narkotiklərə qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur. Satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin də əməlləri cinayət tərkibi yaradır və qanunla qadağan olunduğuna görə cəza təhdidi var”.

 

Beləliklə, sosial şəbəkələrdə narkotik satışı təkcə satış əməli deyil, eyni zamanda yetkinlik yaşına çatmayanlara yönləndirmə, ictimai təhrik və media vasitəsi ilə yayılma kimi bir neçə ağırlaşdıran hal yaradır. Qanunvericilik isə bu hallara görə çox ciddi, 3 ildən 12 ilədək, bəzən isə cəza məcmusuna görə 20 ilədək həbs nəzərdə tutur.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR