Skuterlər hər yerdə görünür -Bakının yeni reallığı

Skuterlər hər yerdə görünür -Bakının yeni reallığı
Kateqoriya məlum deyil
T

Son illərdə Bakıda kiçik elektrik nəqliyyat vasitələrindən, xüsusilə də skuterlərdən istifadə intensivliyi artıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, 2025-ci ilin əvvəlində Bakıda icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4 670 ədəd olub. 


Mikromobillik vasitələrinin tərkibində 77%-i skuter, 18%-i velosiped və 5%-i elektrik velosipedi təşkil edir. 


Əlavə olaraq, operatorlar tərəfindən 2024-cü ilin sentyabr-dekabr aylarında 850 944 sifariş qəbul edilib və ümumilikdə 2 244 302 kilometr məsafə qət edilib.  
Məlumdur ki, müəyyən vasitələrdən istifadə artdıqca onlarla bağlı risklər də böyüyür. Məsələn, Bakıda skuterlə bağlı qəzaların sayı artır. Ekspertlər mikromobillik zolaqlarının yetərli olmamasını və müxtəlif yol iştirakçıları arasında axınların qarışmasını bu artımın əsas səbəblərindən biri kimi görürlər. 


Qanunvericilik yol hərəkəti qaydalarını pozan skuter istifadəçilərini cəzalandırır. Mövcud qaydalara əsasən, skuter sürərkən yol qaydalarını pozanlara, yəni yolun səhv zolağı ilə istifadə, sükanı düzgün tutmamaq, yol nişanlarını pozmaq və digər hallara görə 40 manata qədər cərimə tətbiq olunur. 


Qaydalara əsasən, sürücülər zolaq olmayan yollarda yolun sağ kənarı ilə hərəkət etməli, piyada yerlərinə gəldikdə skuterdən düşüb piyada kimi hərəkət etməlidirlər. 
İnfrastruktur da bəzən yetərsiz qalır. Müşahidələr göstərir ki, Bakının bəzi küçələrində skuter və mikromobillik üçün xüsusi nişanlanma işləri aparılsa da, hələ də bütün əsas yollarda sistemli zolaqlar yoxdur. 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, hazırkı dövrdə skuterlər ictimai nəqliyyatın bir növü hesab olunmur. Onun sözlərinə görə, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununda skuter idarə edənlər piyadalara bərabər tutulan şəxslər hesab edilir.

 

“Bu gün yol hərəkəti iştirakçıları arasında skuter, moped və velosiped idarə edən şəxslərin hamısı bir kateqoriyaya aid edilir. “Yol hərəkəti haqqında” qanunda, həmçinin yol hərəkəti və iştirakçılarının hərəkət intensivliyində onların da rolu var. Hər kəs istəyir ki, tıxacdan yayınsın. Bu yol hərəkəti iştirakçıları birinci növbədə bir-birinə qarşı hörmət etməlidir.

Mənim müşahidələrim göstərir ki, xüsusilə sıxlıq olan şəhər mərkəzlərində skuter sürücüləri və piyadalar arasında anlaşılmazlıqlar yaranır. Bunun əsas səbəbi infrastrukturun uyğun olmamasıdır. Əks halda, bu proseslər insanları yoracaq və skuter istifadəsinin faydalarını azalda bilər”.


Beləliklə, Bakıda skuter istifadəsinin artması artıq sadəcə “trend” deyil.  Bu, şəhər nəqliyyat sisteminin ayrılmaz bir hissəsinə çevrilməkdədir. Statistik rəqəmlər göstərir ki, minlərlə mikromobillik vasitəsi icarəyə verilir, milyonlarla sifariş verilir və onminlərlə kilometr məsafə qət olunur. Lakin infrastruktur hələ tam hazır deyil: xüsusi skuterlər üçün zolaqlar bütün yolları əhatə etmir və nəticədə qəzalar daha tez-tez baş verir.

 

Ekspert Aslan Əsədovun dediyi kimi, skuter sürücüləri və digər yol iştirakçıları arasında qarşılıqlı hörmət və məsuliyyət vacibdir. Bu, təkcə davranış məsələsi deyil — həm də qanunvericilik, təlim proqramları və infrastrukturun inkişafı baxımından strateji yanaşma tələb edir.

 

Gələcəkdə bu sahədə atılacaq addımlar, məsələn, mikromobillik zolaqlarının artan şəbəkəsi, skuter sürücüləri üçün təhlükəsizlik təlimləri, qayda pozanlara qarşı səmərəli nəzarət  yalnız skuter istifadəçilərinin deyil, həm də piyadaların və digər nəqliyyat vasitələrinin təhlükəsizliyinə töhfə verə bilər. Belə yanaşma, həm tıxacların azaldılması, həm ekoloji üstünlüklərin daha geniş istifadəsi, həm də şəhər həyatının keyfiyyətinin yüksəldilməsi üçün vacib ola bilər.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR