Günlük su normamız nə qədərdir?

Günlük su normamız nə qədərdir?
Kateqoriya məlum deyil
T

Son illər sosial şəbəkələrdə gün ərzində çoxlu su içmək trendə çevrilib. İnfluenserlərin paylaşdığı “detoks suyu” videoları minlərlə insanı daha çox su içməyə təşviq edir.

 

Lakin həkimlər xəbərdarlıq edir ki, suyun artıq istifadəsi sağlamlığa gözlənilməz təhlükələr yarada bilər. Mövzu ilə bağlı aparılan araşdırma göstərir ki, suyun faydası yalnız normal miqdarda olduqda özünü göstərir.

 

Sfera.az xəbər verir ki, yetərli su qəbul etmək böyrəklərin işini yaxşılaşdırır, dərinin qurumasının qarşısını alır və həzm prosesini asanlaşdırır. Lakin çox su içdikcə daha sağlam olarsan fikri elmi əsas daşımır. Araşdırma zamanı həkimlər ən ciddi təhlükənin hiponatremiya, yəni qanda natriumun normadan aşağı düşməsi olduğunu vurğulayıb. Qısa zamanda həddindən artıq su içildikdə bədəndə duz balansı pozulur, başgicəllənmə, ürəkbulanma, əzələ spazmları, hətta beyin ödemi riski yarana bilər. Xüsusilə intensiv idman edən və “su challenge”lərinə qoşulan şəxslər risk qrupundadır.

 

Böyrəklər bir saat ərzində maksimum 0.8-1 litr su filtrləyə bilir. Artıq su qəbulunun bu orqana əlavə yük yaratdığı deyilir. Axşam saatlarında çox su içmək isə yuxu pozğunluğuna səbəb olur. Tövsiyələrə görə, orta hesabla kişinin gündə 2.7-3 litr, qadının isə 2-2.5 litr suya ehtiyacı olsa da, bunun böyük hissəsi çay, meyvə, yemək kimi digər mənbələrdən alınır. Yəni hər kəsin mütləq 3 litr təmiz su içməsi tələb olunmur.

 

Həkimlərin ümumi yanaşması belədir: bədən susuz deyilsə, əlavə su içməyə ehtiyac yoxdur. Sidiyin açıq sarı rəngdə olması isə su balansının normal olduğunu göstərən ən etibarlı işarə sayılır. Beləliklə, araşdırma göstərir ki, sosial şəbəkələrdə yayılan “çox su, çox sağlamlıq” iddiası reallığı əks etdirmir. Normal həcmdə su faydalıdır, lakin həddindən artıq su istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR