Ekologiya və ətraf mühitin mühafizəsi: Azərbaycan hansı addımları atır?

Dünya ekoloji böhranla üz-üzədir və bu böhran artıq təkcə alimlərin gündəmində deyil, hər bir insanın həyatına təsir edən ciddi təhlükəyə çevrilib.
Sfera.az bildirir ki, iqlim dəyişiklikləri, hava və su çirkliliyi, biomüxtəlifliyin azalması kimi problemlər sürətlə dərinləşir və bu proseslər bütün ölkələrdən, o cümlədən Azərbaycandan təcili addımlar tələb edir.
Son illər qlobal çağırışlar fonunda Azərbaycan ətraf mühitin mühafizəsi istiqamətində həm qanunvericilik, həm infrastruktur, həm də maarifləndirmə sahələrində diqqətəlayiq addımlar atıb.
Planet üzrə temperaturun sürətlə yüksəlməsi ekosistemləri kökündən dəyişdirir. Quraqlıqlar, ekstremal hava hadisələri, su ehtiyatlarının azalması artıq Cənubi Qafqaz regionunda da özünü göstərir. Bu təhlükələri nəzərə alan Azərbaycan dövlət səviyyəsində ekoloji siyasətə ciddi prioritet verib. Ən böyük layihələrdən biri Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonasıdır”. Bu ərazilər tamamilə bərpa olunan enerji ilə təmin ediləcək ərazilər kimi planlaşdırılır. Ağalı “ağıllı kəndi” bunun ilk real nümunəsidir. Burada enerji səmərəliliyi standartları, günəş panelləri, ağıllı idarəetmə sistemi tətbiq olunur və bu model gələcəkdə digər bölgələr üçün də baza rolunu oynayacaq.
Ölkənin digər bölgələrində də ekoloji mühitin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Son illərdə minlərlə hektar sahədə ağac əkilməsi, yeni park və yaşıllıq zonalarının salınması həm havanın keyfiyyətinə, həm də şəhər mühitinin sağlamlaşdırılmasına müsbət təsir göstərir. Abşeron yarımadasında quraqlığa davamlı ağac növlərinin əkilməsi, meşələrin bərpası və torpaq eroziyasına qarşı mübarizə tədbirləri də ekoloji balansın qorunmasına xidmət edir.
Azərbaycanın ən böyük ekoloji problemlərindən biri Xəzər dənizinin çirklənməsidir. Buna görə də son illərdə dənizin mühafizəsi xüsusi diqqət mərkəzindədir. Yeni çirkab su təmizləyici qurğuların tikilməsi, sənaye müəssisələrinə nəzarətin gücləndirilməsi, sahilboyu monitorinq sisteminin yenilənməsi Xəzərin ekosisteminin bərpasında mühüm rol oynayır. Neft sızmalarının və məişət tullantılarının qarşısının alınması üçün xüsusi avadanlıqlar və nəzarət mexanizmləri tətbiq edilir.
Tullantıların idarə olunması sahəsində də nəzərəçarpan irəliləyişlər var. “Təmiz Şəhər” və Balaxanı Sənaye Parkı vasitəsilə tullantıların çeşidlənməsi, təkrar emalı və yenidən istifadəsi daha sistemli şəkildə həyata keçirilməyə başlayıb. Bu kompleks Cənubi Qafqazın ən böyük təkrar emal mərkəzlərindən biridir və plastik tullantıların azaldılması üçün həyata keçirilən aksiyalarla birlikdə ölkədə ekoloji şüurun formalaşmasına ciddi töhfə verir.
Su ehtiyatlarının qorunması da hökumətin əsas diqqət mərkəzindədir. Kür və Araz çaylarında monitorinq sisteminin gücləndirilməsi, iri su anbarlarının bərpası, kənd təsərrüfatı sahələri üçün müasir suvarma sistemlərinin qurulması həm su qıtlığının qarşısını almağa, həm də torpaq məhsuldarlığını artırmağa yönəlib.
Son illərdə Bakıda elektrik avtobuslarının tətbiqi, şarj stansiyalarının sayının artırılması, “yaşıl taksi” təşəbbüsləri də karbon emissiyalarının azaldılmasına xidmət edir. Bu həm şəhər içi nəqliyyatda ekoloji çirklənməni azaldır, həm də gələcəkdə tam elektrik nəqliyyatına keçidin əsasını qoyur.
Azərbaycan ekoloji problemlərin həlli üçün yalnız infrastruktur layihələri ilə kifayətlənmir. Maarifləndirmə tədbirləri, məktəblərdə ekoloji təhsilin genişləndirilməsi, ictimai aksiyalar, könüllü kampaniyalar əhalinin ekoloji məsuliyyətini artırmağa yönəlib. Bu gün “Təmiz Sahil”, “Təmiz Meşə”, “Yaşıl Azərbaycan” kimi aksiyalarda on minlərlə insan iştirak edir.
Ekoloji qanunvericilik də son illərdə əhəmiyyətli dərəcədə sərtləşdirilib. Torpaq, su və havanın çirkləndirilməsi ilə bağlı cərimələr artırılıb, müəssisələr üçün ekoloji uyğunluq tələbləri yenilənib, monitorinq mexanizmləri təkmilləşdirilib.
Bütün bu addımlar göstərir ki, ekoloji böhran qlobal problem olsa da, onun həlli yerli səviyyədə atılan sistemli və davamlı addımlardan keçir. Azərbaycan bu prosesdə həm beynəlxalq öhdəliklərini yerinə yetirir, həm də ölkə daxilində təbiətin mühafizəsi üçün real dəyişikliklərə imza atır. Ekologiyanın qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir və bu məsuliyyət gələcək nəsillərə daha yaşıl, daha sağlam bir mühitin ötürülməsi üçün həlledicidir.
Firuzə Əliyeva
Sfera.az
Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.







