Avstraliya nümunəsi: Azərbaycanda da oxşar addımı atacaqmı?

Avstraliya nümunəsi: Azərbaycanda da oxşar addımı atacaqmı?
Kateqoriya məlum deyil
T

Avstraliya 16 yaşdan aşağı şəxslərin sosial media istifadəsini qadağan edən qanunu qəbul edib. Bu qərar dekabrın 10-dan etibarən qüvvəyə minəcək və ölkədə “TikTok”, “Instagram”, “Facebook” və “Snapchat” kimi platformalarda 16 yaşdan kiçik uşaqların hesabları bağlanacaq. Qazaxıstan da eyni istiqamətdə addım ataraq, 14 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin məhdudlaşdırılması ilə bağlı qərarın qəbul edilməsini tələb edib.


Bu təşəbbüslər beynəlxalq aləmdə geniş müzakirələr doğurub. Uşaqların psixoloji sağlamlığının qorunması, onlara qarşı kiberzorakılıq hallarının azalması və saxta məlumatların təsirindən müdafiə olunması kimi məqsədlərlə atılan addımların digər ölkələr üçün də nümunə ola biləcəyi qeyd olunur.


Bəs Azərbaycanda da belə bir qanun qəbul edilə bilərmi?


Məsələ ilə bağlı sosial media mütəxəssisi Nicat Abdullayev Sfera.az-a açıqlamasında bildirib ki, Avstraliya və Qazaxıstanın bu qərarları uşaqların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və Azərbaycanda da bu mövzu aktuallıq kəsb edir:


“Dünya ölkələrində uşaqların internetdə qorunması məsələsi getdikcə daha çox önə çıxır. Sosial media azyaşlılar üçün həm öyrədici, həm də zərərli təsirləri olan bir məkandır. Azərbaycanda da bu məsələ diqqət mərkəzindədir və gələcəkdə oxşar qanunvericilik təşəbbüslərinin gündəmə gəlməsi istisna deyil”.

 


Nicat Abdullayevin sözlərinə görə, azyaşlıların sosial mediaya girişinə məhdudiyyət qoyulması bir çox baxımdan müsbət nəticələr verə bilər.

 

İlk növbədə, bu, uşaqların mənfi informasiya və aqressiv davranış modellərindən qorunmasına xidmət edir:


“Uşaqlar sosial mediada zorakılıq, nifrət nitqi, təxribatçı və manipulyativ məlumatlarla qarşılaşırlar. Onların psixoloji yetkinliyi belə təsirlərə qarşı dayanmaq üçün kifayət etmir. Buna görə də, bu cür məhdudiyyətlər uşaqların emosional sabitliyinin qorunmasına, daha sağlam sosial mühitdə formalaşmasına imkan yaradır”.


Mütəxəssis qeyd edib ki, belə addımlar kibertəhlükəsizliyin gücləndirilməsinə də töhfə verir:

 

"Fırıldaqçılıq, kiborqbulinq (onlayn zorakılıq) və uşaq istismarı kimi halların qarşısının alınması baxımından bu, mühüm preventiv tədbir ola bilər. Həmçinin sosial media asılılığının qarşısının alınması uşaqların real həyatla əlaqəsini gücləndirir. Onlar daha çox ünsiyyət qurmağa, idmanla, yaradıcılıqla və öyrənmə ilə məşğul olmağa meyil göstərirlər. Bu, həm intellektual, həm də sosial inkişaf baxımından olduqca vacibdir. Lakin tam qadağa tətbiq edilməsi də müəyyən mənfi nəticələr doğura bilər. Bu, uşaqların rəqəmsal savadlılığının zəifləməsinə və rəqəmsal dünyaya inteqrasiyasının çətinləşməsinə səbəb ola bilər. Müasir dünyada texnologiya həyatın ayrılmaz hissəsidir. Uşaqları sosial mediadan tam təcrid etmək onların gələcəkdə texnoloji və informasiya mühitinə adaptasiyasını çətinləşdirə bilər. Qadağalar yerinə, onları düzgün istifadə qaydalarına yönəltmək daha məqsədəuyğundur”.


Abdullayev həmçinin vurğulayıb ki, texniki və hüquqi cəhətdən bu cür qadağaların tətbiqi real şəraitdə çətinliklər yarada bilər:


“Yaş təsdiqləmə mexanizmlərinin tətbiqi üçün texnoloji alətlər hələ kifayət qədər etibarlı deyil. Uşaqlar çox vaxt valideynlərin məlumatları ilə qeydiyyatdan keçə və bu qadağaları asanlıqla poza bilirlər. Unutmaq olmaz ki, sosial şəbəkələr təkcə əyləncə vasitəsi deyil. Onlar eyni zamanda təhsil, yaradıcılıq və sosial fəallıq üçün də platformadır. Bir çox uşaq və yeniyetmə burada bacarığını nümayiş etdirir, öyrənir, ünsiyyət bacarıqlarını inkişaf etdirir. Bu sahədə əsas məqsəd uşaqları qorumaqla yanaşı, onlara məsuliyyətli və şüurlu şəkildə internetdən istifadə vərdişlərini aşılamaq olmalıdır. Valideynlər, müəllimlər və dövlət qurumları birgə şəkildə bu istiqamətdə maarifləndirici işlər aparmalıdır. Məsələyə kompleks yanaşma vacibdir. Uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, onları rəqəmsal gələcəyə hazırlamaq da dövlət siyasətinin əsas prioritetlərindən biri olmalıdır”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR