Kişilərdə kosmetikaya maraq artır: Dəb, yoxsa dəyərlərin aşınması?

Kişilərdə kosmetikaya maraq artır: Dəb, yoxsa dəyərlərin aşınması?
Kateqoriya məlum deyil
T

Zaman keçdikcə insanların düşüncə tərzi, dəyərləri və davranışlarında ciddi dəyişikliklər müşahidə olunur. Əvvəllər anormal sayılan bir çox davranış bu gün xüsusilə gənclər arasında tamamilə normal qarşılanır. Məsələn, kişilərin kosmetikadan istifadə etməsi və görünüşünə xüsusi diqqət yetirməsi artıq geniş yayılıb. 


Bəs bu dəyişikliklər cəmiyyətin inkişafının göstəricisidir, yoxsa mənəvi dəyərlərin aşınmasıdır?

 

Mövzu ilə bağlı psixoloq Ülkər Məhərrəmova Sfera.az-a açıqlama verib.

 

Onun sözlərinə görə, insanların düşüncə və həyat tərzinin dəyişməsi ilə paralel olaraq, “normal” anlayışı da dəyişir:


“İnsanların düşüncə tərzi, həyat tərzi və yanaşmaları dəyişdikcə, bəzən əvvəllər anormal hesab edilən davranışlar normal qarşılanmağa başlayır və ya əksinə. Əgər bəylər kosmetikadan gigiyena, təmizlik və özünə dəyər baxımından istifadə edirlərsə, bu, inkişafın göstəricisidir. Amma bu davranış öz dəyərsizlik hissindən, özgüvən əskikliyindən və başqalarına bənzəmə arzusundan qaynaqlanırsa, bu, artıq dəyərlərin aşınmasıdır”.

 


Psixoloq qeyd edib ki, bəzi hallarda kosmetikadan həddindən artıq istifadə edən kişilərdə narsist meyllər və ya şəxsiyyət pozuntusu müşahidə olunur:


“Bəzi bəylər özlərini daha güclü, daha cazibədar göstərmək üçün kosmetikadan sui-istifadə edirlər. Bu zaman həm fiziki, həm də psixoloji fəsadlar yaranır. Məsələn, dəridə allergiya, hormon dəyişiklikləri ola bilər. Buna görə də hər şeydə olduğu kimi, burada da ölçü və dəyər hissəsini qorumaq vacibdir”.


Ülkər Məhərrəmova sosial şəbəkələrin bu dəyişikliklərdə böyük rol oynadığını vurğulayıb:


“Sosial mediada izlədikləri şəxslərə bənzəmək istəyən gənclər öz kimliklərini itirirlər. Halbuki hər kəs öz obrazını, mənəviyyatını və dəyərlərini düzgün tənzimləsə, həm fərdi, həm də cəmiyyət olaraq daha sağlam inkişaf edərik. Bizim xüsusi mənəvi dəyərlərimiz var və onları qorumaq hər birimizin borcudur. Daxili boşluqları gizlətmək üçün kosmetikadan istifadə edən bəylərin davranışları isə mənəvi tənəzzülün göstəricisidir”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR