Məmur pozdu, vətəndaş cəzalandı: ƏDALƏTSİZ QƏRAR

Məmur pozdu, vətəndaş cəzalandı: ƏDALƏTSİZ QƏRAR
Kateqoriya məlum deyil
T

"AZİYA Film" MMC-yə məxsus avtonəqliyyat vasitəsinə ona aid olmayan böyük məbləğdə cərimələr yazılıb. Bu cərimələr nəticəsində avtomobilin sürücüsü Ceyhun Nuriyev sürücülük hüququndan məhrum edilib. 


Sfera.az xəbər verir ki, cərimələr müəssisənin balansında olan "90-AA-680" nömrəli "İnfiniti QX56" avtomobilinə "yazılıb". 


Məsələ ilə bağlı sürücü dövlət yol polisinə müraciət etsə də hər hansı tədbir görülməyib. 


Zərər görən tərəfin apardığı araşdırma zamanı isə məlum olub ki, "90-AA-680" nömrəsinə ünvanlanan cərimələr əslində "10 AA 680" nömrəli "Hyundai Sonata" avtomobilinə aiddir. 


Qeyd edək ki, belə nömrələr yüksək dövlət vəzifəsi tutan şəxslərin xidməti avtomobilinə verilir. 


Acınacaqlı fakt ondan ibarətdir ki, yüksək vəzifəli şəxsin xidməti avtomobili ilə törədilən bütün cərimələr "90-AA-680" nömrəsinə yönləndirilib. 


İzahat üçün bildirək ki, Azərbaycanda AA seriyalı nömrələri bütün hüquqi şəxslər əldə edə bilər. Yəni, yalnız dövlət orqanları yox, eləcə də özəl və bələdiyyələrə aid olan hüquqi şəxslər AA seriyalı nömrə almaq hüququ var. 


Lakin bəzi AA seriyalı nömrələr var ki, onları yalnız ali rəhbər vəzifədə olanlara verilir. Bu nömrə nişanı növü adi avtomobil nömrələrinə oxşardır, amma nömrələrdə defislər yoxdur. Nömrənin sol hissəsindəki bayraq mərkəzə (hərfi seriyanın və üç rəqəmin arasında) köçülüb və lövhənin enini əhatə edir. Bu nömrələrə adətən icra başçılarında, dövlət işlərində rəhbər vəzifədə işləyən şəxslərə verilən avtomobillərin üzərində rast gəlmək mümkündür.

 

Barəsində bəhs etdiyimiz "10 AA 680" nömrəsi də bu qəbildəndir. Əldə etdiyimiz məlumata görə, bu nömrə İqtisadiyyat Nazirliyində şöbə müdirinin xidməti avtomobilinə aiddir. Belə bir nömrə daşıyan xidməti avtomobillə yol hərəkəti qaydası pozulsa da cəza tədbiri ona ünvanlanmayıb, tamamilə fərqli bir nömrəyə yönləndirilib. 


Bu faktdan zərər görən şəxsin aidiyyatı qurumlara şikayətlərinə isə baxılmır. 


Onu da qeyd edək ki, belə faktlar hər zaman mediaya məlum olmur və bu səbəbdən işıqlandırılmadığından ictimaiyyət bu kimi hallardan xəbər tutmur. Bizə məlum olan fakt onu göstərir ki, oxşar hallar var və yəqin ki, bəzi şəxslər də bu cür hallardan əziyyət çəkib. 

 

Altay

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR