Məmurlardan müsadirə olunan villalar muzeylərə verilsin - TƏKLİF

Məmurlardan müsadirə olunan villalar muzeylərə verilsin - TƏKLİF
Kateqoriya məlum deyil
T

Yüksək vəzifə tutan və korrupsiya əməllərinə görə mühakimə olunan məmurların əksəriyyətinin böyük və dəbdəbəli villalara sahib olduğu hamıya məlumdur. Məhkəmə qərarlarına əsasən, bu villalar müsadirə edilir və satışa çıxarılır. 


Sfera.az bildirir ki, məmurlarla bağlı bu cür faktlar ictimaiyyətdə maraq doğurur.

 

Cəmiyyətin bir çox üzvü haqlı olaraq sual edir ki, bu villalar niyə yenidən dövlətə, xalqa xidmət etməsin? 


Əgər bu tikililər həbs olunan məmurların qanunsuz yollarla əldə etdiyi əmlaklardırsa, onlar sadəcə satış obyekti deyil, ictimai marağa xidmət edən mədəni məkanlara çevrilməlidir. Xalqın sərvəti ilə tikilmiş bu villalardan maksimum dövlət və millət mənafeyi üçün istifadə etmək lazımdır.


Məmurlardan müsadirə edilən villalar muzeylərə verilə və ya yeni muzeylərə çevrilə bilər. 


Azərbaycanda uzun illərdir ki, bir sıra muzey və qalereyaların bina ilə təminat problemi var.


Məsələn, Mikayıl Müşfiqin ev muzeyi acınacaqlı vəziyyətdədir, Dövlət Rəsm Qalereyasının ayrıca binası yoxdur, şəhidlərin şəxsi əşyaları bir yerə toplanaraq təqdim edilə bilmir, repressiya dövrünə həsr olunmuş muzey isə ümumiyyətlə yoxdur.


Halbuki, Bakının və ətraf ərazilərin müxtəlif hissələrində illər boyu məmurların ucaltdığı, qeyri-qanuni yollarla əldə edilmiş onlarla dəbdəbəli villa mövcuddur.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Qala qəsəbəsindəki imarəti, eləcə də bir sıra keçmiş nazir və icra başçılarının villaları cəmiyyətin yaddaşında korrupsiya simvoluna çevrilib.


Bu obyektlərin bir hissəsi dövlətə qaytarılıb, bəziləri isə hələ də hüquqi mübahisə predmetidir. Həmin villaların hamısı memarlıq baxımından möhtəşəm, yerləşdiyi mövqe baxımından strateji əhəmiyyət daşıyır.


Dövlətin bu cür əmlakları satmaq əvəzinə, muzeylərə, qalereyalara, elmi-mədəni mərkəzlərə çevirməsi daha məqsədəuyğundur.


Misal üçün, Ramiz Mehdiyevin Bakının mərkəzində, 36 sot ərazidə tikilən 1500 kvadrat metrlik villasını “Repressiya dövrü və senzura muzeyi” kimi bərpa etmək olar. 

Böyük məmurlardan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Badamdardakı "şah sarayı", sabiq nazir Səlim Müslümovun Nəsimi rayonunda yerləşən dördmərtəbəli villası, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun villaları, eləcə də həbs edilən icra başçılarının villalarını muzeylərə çevirmək olar. 


Badamdarda, Novxanıda, Qəbələdə və digər şəhər və rayonlarda məmurlardan müsadirə edilən villalarda Şəhidlərin şəxsi əşyaları əsasında muzey yaradılması maraqla qarşılanar. 


Bu cür villalarda muzeylərin yaradılması həm ədalətin, həm də mədəni irsin inkişafı baxımından cəmiyyət üçün önəmli addım olardı.


Cəmiyyətin gözləntisi aydındır, illərlə xalqın pulları hesabına tikilmiş “saraylar” bir daha şəxsi varlanma rəmzi deyil, xalqın mədəni yaddaşının daşıyıcısına çevrilməlidirn.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR