Bu gün milli televiziya və radio günüdür

Bu gün milli televiziya və radio günüdür
Kateqoriya məlum deyil
T

Noyabrın 6-sı Azərbaycanda televiziya və radio işçilərinin peşə bayramı – Azərbaycan Televiziyası və Radiosu Günü kimi qeyd edilir.

 

Sfera.az bu gün münasibətilə milli teleradionun formalaşma və inkişaf mərhələlərinə nəzər salır:

 

Azərbaycan radio yayımı tarixi 1926-cı il noyabrın 6-dan başlayır. Həmin gün Bakı küçə və meydanlarında qurulmuş səs gücləndiricilərdən ilk dəfə “Danışır Bakı” ifadəsi səsləndirilmişdi. Bu hadisə Azərbaycan cəmiyyətinin ictimai və mədəni həyatında mühüm yenilik sayılırdı. Televiziyanın yaranması ilə bu tarix həm də teleradionun ümumi bayramı kimi qeyd olunmağa başladı.

 

1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyasının efirə verdiyi ilk yayımda mərhum sənətkar Nəcibə Məlikova tamaşaçılara “Göstərir Bakı” sözləri ilə müraciət edib. Həmin gün efirdə “Bəxtiyar” filmi nümayiş olunub.

 

Bu gün ölkəmizdə ümumrespublika, regional, kabel, internet və peyk üzərindən yayımlanan televiziya kanalları, həmçinin çoxsaylı radio dalğaları fəaliyyət göstərir. Teleradio həm milli-mədəni dəyərlərin təbliğində, həm də Azərbaycanı dünyaya tanıtmaqda mühüm rol oynayır. 1956-cı ildə Bakıda 180 metrlik ilk televiziya qülləsi tikilib və həmin il fevralın 14-də ağ-qara təsvirlə “AzTV1” proqramının yayımına start verilib. 1957-ci ildə ilk dəfə səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

 

Sonrakı illərdə Gəncə, Göyçay, Şuşa və Naxçıvanda televiziya stansiyaları fəaliyyətə başlayıb. 1967-ci ildən isə ağ-qara televiziya rəngli yayımla əvəz olunub. 1997-ci ildə “Azərbaycan” və “Araz” radioları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayıma başlayıb. 2012-ci ildə burada IPTV baş stansiyası qurulub və yüksək keyfiyyətli HD formatlı televiziya və radio proqramlarının yayımına keçilib.

 

2016-cı il dekabrın 20-də ölkə üzrə analoq televiziya yayımı tam dayandırılıb və rəqəmli formata keçid başa çatdırılıb. Rəqəmli yayım televiziya proqramlarının daha yüksək keyfiyyətlə qəbulunu və tezlik resurslarından səmərəli istifadəsini təmin edib. “Teleradio” İstehsalat Birliyi 2019-cu ildə Fatmayı–Quba istiqamətində 185 km uzunluğunda radio-rele xəttini rəqəmli formata keçirməklə bu sahədə modernləşmə prosesini tamamlayıb. Eyni zamanda Bakı və Abşeron yarımadasında fasiləsiz yayımı təmin etmək üçün alternativ radiostansiya yaradılıb. Həmin ilin avqustundan DAB+ standartında rəqəmli radio test yayımına başlanılıb. Hazırda 218,6 MHs tezliyində bir paketdə 12 radio proqramın qəbulu mümkündür.

 

2020-ci il dekabrın 31-dən Şuşa, Xankəndi, Xocalı, Ağdam və Bərdə rayonlarında radio-televiziya yayımı bərpa olunub. Şuşa Radio-Televiziya Yayım Stansiyasında rəqəmli TV avadanlığı quraşdırılıb və 10 televiziya kanalının yayımına şərait yaradılıb.

 

Bu gün “AzTV”, “Mədəniyyət”, “İdman Azərbaycan”, “İctimai”, “CBC”, “CBC Sport”, “Real”, “Xəzər”, “Azad Azərbaycan” və “ARB-24” telekanalları artıq Qarabağ bölgəsində yayımlanır. Eyni zamanda “Azərbaycan” və “İctimai” FM radioları Şuşa, Xankəndi, Mingəçevir, Yevlax, Ağdam, Bərdə və ətraf rayonlarda tam keyfiyyətli şəkildə efirdədir.

 

Məryəm

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR