Xəzərin dayazlaşması canlı aləmi məhv edəcək? - Ekoloqdan açıqlama

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin azalması, yəni dayazlaşma prosesi müşahidə olunur. Bu, təkcə ekoloji deyil, həm də bioloji tarazlığa ciddi təsir göstərən bir prosesdir. Xəzərin dayazlaşması burada yaşayan canlı aləmin - balıqların, su bitkilərinin və digər dəniz orqanizmlərinin yaşayış şəraitini dəyişdirir. Suyun çəkilməsi nəticəsində ekosistemdə müəyyən növlərin azalması, hətta bəzi növlərin tamamilə yox olma təhlükəsi yarana bilər.
Məsələyə münasibət bildirən ekoloq Telman Zeynalov Sfera.az-a açıqlamasında bildirib ki, Xəzərin dayazlaşması, yəni suyun çəkilməsi və səviyyənin enməsi, son illərdə daha da aydın şəkildə özünü göstərir.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri kimi iqlim dəyişikliyi və qlobal istiləşmə göstərilsə də, məsələ yalnız bununla məhdudlaşmır:
“Dəniz və okeanlardan neft çıxarılması prosesi də bu prosesə ciddi təsir göstərir. Belə ki, neft çıxarılan zaman dəniz dibində müəyyən boşluqlar yaranır və həmin boşluqlar suyun çəkilməsinə, yəni səviyyənin azalmasına səbəb olur”.

Ekoloq dedi ki, neft çıxarılan ərazilərdə bəzən texnoloji məqsədlə torpaqla doldurma işləri də aparılır ki, bu da dənizin təbii dövranını pozur:
“Belə dəyişikliklər nəticəsində Xəzərin ekosistemi tədricən balansını itirir. Su səviyyəsinin azalması burada yaşayan canlıların, xüsusilə balıqların, planktonların və su bitkilərinin çoxalmasına, qidalanmasına və nəsil verməsinə birbaşa mənfi təsir göstərir”.
Müsahibimiz vurğuladı ki, gələcəkdə bu proses davam edərsə, bəzi balıq növlərinin, o cümlədən nərə balıqlarının yaşayış arealı daralacaq, bəzi kiçik canlılar isə tamamilə yox olacaq:
"Eyni zamanda, sahil zolağında torpaq duzlaşması, bataqlıqların yaranması və biomüxtəlifliyin azalması kimi dəyişikliklər müşahidə olunacaq. Yəni Xəzərin dayazlaşması təkcə suyun azalması deyil, həm də ekosistemin və bioloji həyatın gələcəyi üçün ciddi təhlükə deməkdir”.
Niyaz Hacıyev
Sfera.az






