Avropa və Azərbaycan: Hicabla foto çəkdirməyin fərqləri?

Avropa və Azərbaycan: Hicabla foto çəkdirməyin fərqləri?
Kateqoriya məlum deyil
T

Azərbaycanda qadınların şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirməsinə icazə verilmir. Foto çəkilişi zamanı qadınların hicablarını çıxarmaları tələb olunur, bəzi hallarda isə xüsusi pərdə tutularaq bu proses həyata keçirilir. Lakin Gürcüstan, Ukrayna, Türkiyə və digər Avropa ölkələrində rəsmi sənədlər üçün fotoların hicabla çəkilməsinə məhdudiyyət tətbiq edilmir.


Dini inanclarına sadiq qalan qadınlar hesab edirlər ki, bu qayda onların şəxsi və dini azadlıqlarını məhdudlaşdırır. Məsələ həm də İslam hüququ baxımından suallar doğurur: hicabın açılması “zərurət” halına daxildirmi və bu dini baxımdan qəbul edilə bilərmi?


Bu mövzu ilə bağlı AĞ partiyanın sədri Tural Abbaslı Sfera.az-a açıqlama verib.

 

O bildirib ki, hicablı qadınların bu vəziyyətə görə narahat olması başadüşüləndir:


“Bu məsələ uzun müddətdir inanclı şəxsləri narahat edir. İstənilən dinə etiqad edən dövlətlərin böyük əksəriyyətində bu problem artıq öz həllini tapıb. Söhbət təkcə islam ölkələrindən yox, həm də qeyri-müsəlman dövlətlərindən gedir. Məsələn, Avropa ölkələrində belə bir qadağa yoxdur”.

 


O, əlavə edib ki, müasir texnologiyanın inkişaf etdiyi dövrdə kimliyin müəyyən olunması üçün saçın və ya qulağın görünməsi kimi tələblərə ehtiyac yoxdur:


“İndiki texnoloji şəraitdə insanların şəxsiyyətini müəyyənləşdirmək üçün mütləq vizual görüntüyə ehtiyac yoxdur. Artıq üz tanıma sistemləri, biometrik texnologiyalar var ki, insanın kimliyi hətta gözündən belə müəyyən edilə bilir”.


Tural Abbaslının sözlərinə görə, Azərbaycan qanunvericiliyində hicabla şəkil çəkdirməyə dair qadağa yoxdur:


“Qanunvericiliyə və Konstitusiyaya görə hər bir vətəndaşın vicdan azadlığı və etiqad azadlığı var. Bu baxımdan, hicabla şəkil çəkdirməyə qoyulan məhdudiyyət doğru deyil. Sadəcə olaraq, bu, qeyri-rəsmi şəkildə verilən tapşırıqlardır və hələ də icra edilir. Əgər qanunda belə bir qadağa yoxdursa, necə ola bilər ki, insanları zorla hicabsız şəkil çəkdirməyə məcbur edirlər? Müasir şəxsiyyət vəsiqələrində fotolar biometrik göstəricilərlə müəyyən olunur. Saçın görünməsinə heç bir ehtiyac yoxdur. Hətta ABŞ və Avropa ölkələrində də başıbağlı şəkildə rəsmi sənəd şəkillərinin çəkilməsinə icazə verilir. Sadəcə olaraq, qaydalar var ki, üzün bəzi nahiyələri məsələn, gözlər və burun örtülə bilməz”.


AĞ partiya sədri hesab edir ki, Azərbaycanda da bu məsələdə dəyişikliklər edilməlidir:


“Bu vəziyyət qanunlarla yanaşı, həm də dindar insanların mənəvi dünyasına ziddir. Məsələ bir günə həllini tapa bilər. Heç yerdə hinduistlərə “çalmanı aç” demirlər. Çünki onların dini inancına görə saçları görünməməlidir. O zaman niyə hicablı qadınlara hicabının açılması söylənilir?”.


İlahiyyatçı Tural İrfan isə bildirir ki, Azərbaycan dünyəvi dövlətdir və bütün inanclardan olan insanların bu dövlətin qanunlarına riayət etməsi vacibdir:


“Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Bu dövlətin qanunlarına bütün zümrələrdən və inanclardan olan insanların riayət etməsi vacibdir. Müxtəlif dinlər və adətlər var, lakin dövlətin bir qanunu var və hamı buna əməl etməlidir”.


O, İslam baxımından hicabın zəruri sayıldığını, lakin zərurət məqamlarında bəzi istisnaların mümkün olduğunu qeyd edib:


“Hicab məsələsi ənənəvi İslam inancına görə zəruridir. Lakin İslam hüququnda zərurət məqamında bəzi istisna hallar var. Bu zaman dinin hökmləri müvəqqəti olaraq dəyişə bilər. Hicabla sənəd şəkli məsələsi hüquqi məsələdir və bunun zəruriliyi qanunla tənzimlənir”.


Tural İrfan hesab edir ki, vətəndaşlar dövlətin qaydalarına tabe olmalı, eyni zamanda anlayışlı davranmalıdırlar:


“Əgər dövlətin qanunları hicabla şəkil çəkdirməyə icazə vermirsə, buna tabe olmaq lazımdır. Dinin hüquqi qaydaları dəyişməz olsa da, zamana, şəraitə, dövrə və ehtiyaclara görə bəzi hallarda fərqli tətbiq edilə bilər. Mən düşünürəm ki, hicabla şəkil çəkdirmək məsələsində də ciddi problem olmamalıdır. Dinlə, inancla bağlı məsələlərdə vətəndaşların özləri də anlayışlı olmalıdır”.


Beləliklə, Azərbaycanda hicabla şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirməyə qoyulan məhdudiyyət həm hüquqi, həm də dini baxımdan müzakirə doğurur. Bir tərəf bu qaydanı qanunsuz və vicdan azadlığının pozulması kimi qiymətləndirir, digər tərəf isə dövlətin dünyəvi prinsiplərinə hörmətlə yanaşmağı vacib sayır.
Məsələ hələ də açıq qalır, hüquq, din və vicdan azadlığının sərhədləri arasında balans necə qorunmalıdır?


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR