Azərbaycançılığın təbliği mənəvi məsuliyyətdir

Azərbaycançılıq ideyasının təbliği Azərbaycançılıq ideyası Azərbaycan xalqının milli-mənəvi kimliyinin əsasını təşkil edən, dövlətçilik düşüncəmizi, milli birliyimizi və vətənpərvərlik hissimizi dərin mənada ifadə edən ideoloji əsaslardan biridir. Bu ideya xalqın tarixi, dili, mədəniyyəti, dini və əxlaqi dəyərlərini bir bütöv milli şüurda birləşdirən konsepsiyadır. Azərbaycançılıq həm də müasir dövlət quruculuğunun mənəvi dayağı, vətəndaş cəmiyyətinin ideoloji sütunudur.
Sfera.az xəbər verir ki, Azərbaycançılıq ideyasının formalaşması uzun tarixi inkişaf yolu keçib. XIX əsrdə maarifçilik hərəkatı dövründə Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi ziyalılar xalqın maariflənməsi, milli özünüdərkin güclənməsi, azərbaycanlı kimliyinin formalaşması üçün mühüm işlər görmüşlər.
XX əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə bu ideyanı siyasi səviyyəyə qaldıraraq “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı altında müstəqil Azərbaycan ideyasını irəli sürdü. O, “Azərbaycan bir millətin adıdır” deyərək milli dövlətçilik düşüncəsinin təməl prinsiplərini müəyyənləşdirdi.Bununla yanaşı, müstəqillik dövründə Azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində dövlət ideologiyası səviyyəsinə yüksəldi. Heydər Əliyev Azərbaycançılığı həm milli, həm də vətəndaşlıq məfkurəsi kimi formalaşdıraraq qeyd edirdi ki, “Azərbaycançılıq bu, bizim dövlətçiliyimizin, milli birliyimizin əsasını təşkil edən ideologiyadır”. Bu ideya hər bir azərbaycanlının milli mənsubiyyətindən, dini baxışından və siyasi düşüncəsindən asılı olmayaraq, vahid məqsədə müstəqil Azərbaycan dövlətinin inkişafına xidmət edir. Azərbaycançılıq ideyasının əsas istiqamətləri arasında dil, mədəniyyət və milli dəyərlərin qorunması, vətənpərvərlik, dövlətə sədaqət, dini və etnik tolerantlıq, müasir dünyaya açıq olmaq kimi prinsiplər dayanır. Azərbaycan xalqı tarix boyu çoxmillətli, multikultural dəyərlər üzərində formalaşıb və bu, Azərbaycançılığın əsas sütunlarından biridir. Məhz bu ideya sayəsində müxtəlif etnik və dini mənsubiyyətə malik insanlar əsrlər boyu birgə, sülh və qarşılıqlı hörmət şəraitində yaşamışlar.
Həmçinin, Azərbaycançılıq ideyasının təbliği bu gün xüsusilə mühüm əhəmiyyət kəsb edir. Qlobal informasiya məkanında müxtəlif təsirlər, yad ideologiyalar və mədəni asimilyasiya təhlükələri fonunda milli kimliyin qorunması prioritet məsələdir. Bu baxımdan təhsil müəssisələrində, mediada, mədəni tədbirlərdə və sosial şəbəkələrdə Azərbaycançılıq ideyasının geniş təbliği vacibdir. Gənc nəsildə milli şüurun formalaşdırılması, tarixə və dövlət rəmzlərinə hörmət, Azərbaycan dilinə sevgi bu ideyanın əsas məqsədlərindəndir. Dövlət səviyyəsində bu istiqamətdə bir çox tədbirlər həyata keçirilir.
Mədəniyyət proqramları, “Azərbaycan dili və ədəbiyyatı” dərslərində milli-mənəvi dəyərlərin öyrədilməsi, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bayramların qeyd olunması Azərbaycançılığın təbliğinin praktik nümunələridir. Həmçinin diaspor fəaliyyətinin gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlıların birliyinin qorunması bu ideyanın beynəlxalq miqyasda yayılmasına xidmət edir. Belə ki, Azərbaycançılıq təkcə keçmişə söykənən milli yaddaş deyil, həm də gələcəyə yönəlmiş çağırışdır.
Müasir dövrdə bu ideya innovativ, texnoloji və intellektual inkişafla uzlaşmalıdır. Gənclər arasında milli ideologiyanın müasir formada təbliği, rəqəmsal platformalarda, sənədli filmlərdə, sosial mediada, incəsənətdə və ədəbiyyatda öz əksini tapmalıdır. Bu, həm ideyanın aktual saxlanmasına, həm də onun daha geniş auditoriyaya çatdırılmasına imkan verəcəkdir. Azərbaycançılığın təbliği yalnız ideoloji deyil, həm də mənəvi məsuliyyətdir. Hər bir azərbaycanlı öz davranışı, əməli, peşə fəaliyyəti ilə bu ideyanın daşıyıcısı olmalıdır.
Dövlətə sədaqət, xalqın rifahı üçün çalışma, milli-mənəvi dəyərlərə hörmət Azərbaycançılığın praktiki təzahürüdür. Bu mənada Azərbaycançılıq təkcə bir ideya deyil, həm də milli həyat tərzidir. Eyni zamanda, Azərbaycançılıq ideyasının təbliği dövlətin sabitliyi, milli birliyin qorunması və gələcək nəsillərin vətənpərvər ruhda yetişməsi baxımından strateji əhəmiyyətə malikdir. Bu ideya Azərbaycan xalqını birləşdirən, müstəqil dövlətimizi gücləndirən mənəvi qüvvədir. Onun təbliği isə hər bir vətəndaşın borcudur.
Fidan Hacızadə
Sfera.az
Mövzu: Azərbaycançılıq ideyasının təbliği
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.







