"Oğlan uşaqlarının ata ilə vaxt keçirməsi mühümdür" - Psixoloqdan AÇIQLAMA

"Oğlan uşaqlarının ata ilə vaxt keçirməsi mühümdür" - Psixoloqdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Müasir dövrdə sosial dəyişikliklər ailə münasibətlərinə də öz təsirini göstərir. Valideynlərin, xüsusilə də ataların iş yükünün artması, ailədən uzaqda işləməsi və ya boşanma hallarının çoxalması uşaqlarla, xüsusilə də oğlan uşaqları ilə emosional bağın zəifləməsinə səbəb olur.

 

Uşaqların ata ilə az zaman keçirməsi təkcə gündəlik münasibətlərin yox, həm də onların psixoloji və sosial inkişafının mühüm bir hissəsinə təsir edir. Oğlan uşaqları üçün ata obrazı, kişi rol modelinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Uşaqların, xüsusilə də oğlan uşaqlarının, ata ilə az zaman keçirməsi onların psixoloji inkişafına necə təsir göstərir?

 

Sfera.az-a bu barədə açıqlama verən psixoloq Elgül Ağarzayeva uşaqların ataları ilə vaxt keçirməsinin onların psixoloji inkişafına çox müsbət təsir göstərdiyini bildirib.

 

Onun sözlərinə görə, ümumilikdə, 6–10 yaş aralığındakı uşaqlar valideynlərini özlərinə nümunə kimi qəbul edirlər:

 

“Məsələn, ata necə davranırsa, oğlan uşaqları da həmin davranış modelini mənimsəyirlər. Qız uşaqları isə analarının davranış və xarakter xüsusiyyətlərini təqlid etməyə meyilli olurlar. Əgər oğlan uşaqları kiçik yaşlardan etibarən əsasən ana, müəllim və digər qadın fiqurları ilə təmasda olurlarsa, onlarda incə və həssas xüsusiyyətlərin formalaşması müşahidə oluna bilər. Bu səbəbdən, təhsil sistemində qadın müəllimlərin çoxluğu nəzərə alınaraq, oğlan uşaqlarının evdə ataları ilə daha çox zaman keçirməsi məqsədəuyğundur”.

 

E.Ağarzayeva qeyd edib ki, psixoloji baxımdan da mühüm bir məqam odur ki, ana uşağa daha çox sevgi və nəvaziş bəxş edir, ata isə onu həyata hazırlayır, müstəqillik və cəsarət aşılayır. O həm oğlan, həm də qız uşağının atası ilə keyfiyyətli vaxt keçirməsi gələcəkdə onların daha özünəinamlı, qərarlı və cəsur fərdlər kimi formalaşmasına şərait yaratdığını əlavə edib:

 

“Beləliklə, valideynlərlə, xüsusilə atayla birlikdə keçirdilən zaman həm psixoloji dayanıqlıq, həm də şəxsiyyətin sağlam formalaşması baxımından böyük əhəmiyyət daşıyır”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR