Yeni mənzillər satışda - Evlər ucuzlaşacaq?

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı, Sumqayıt, Lənkəran, Şirvan və Yevlax şəhərlərində yerləşən yaşayış komplekslərində güzəştli mənzillərin növbəti satışını elan edib.
Xatırladaq ki, satış 3 dekabr 2025-ci il saat 11:00-da başlayacaq və 8 dekabr 2025-ci il saat 11:00-da başa çatacaq.
Bu mənzillərin satışa çıxarılması daşınmaz əmlak bazarına yəni evlərin qiymətinə necə təsir edə bilər?
Sfera.az-a bu barədə açıqlama verən əmlak eksperti Elnur Azadov bu mənzillərin satışa çıxarılması ümumilikdə daşınmaz əmlak bazarına ciddi təsir göstərməyəcəyini bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəbi satışa çıxarılan evlərin sayının çox az olmasıdır:
“Yəni təklifin həcmi bazarın ümumi ölçüsü ilə müqayisədə çox kiçikdir. Məsələn, böyük şəhərlərdə Bakı və Sumqayıt kimi ərazilərdə bu addım mənzil qiymətlərinə nəzərəçarpacaq dərəcədə təsir etməyəcək. Çünki bu şəhərlərdə həm əhali sayı, həm də mənzil bazarının dövriyyəsi çox böyükdür”.
Ekspert əlavə edib ki, bununla belə, nisbətən kiçik regionlarda məsələn, Lənkəran və Şirvan kimi şəhərlərdə müəyyən dərəcədə qiymətə təsir mümkündür:
“Bu təsir daha çox qısamüddətli və lokal xarakter daşıyacaq, yəni həmin bölgələrdəki bazar balansına cüzi şəkildə düzəliş edə bilər. Ümumilikdə isə mənzillərin satışa çıxarılması daşınmaz əmlak bazarında ümumi qiymət dinamikasını dəyişəcək qədər böyük miqyasda deyil”.
E.Azadov qeyd edib ki, Bakı şəhəri daşınmaz əmlak baxımından ölkənin ən bahalı bölgələrindən biri sayılır:
“Bakı, Sumqayıt və Abşeron ərazisində mənzilə ehtiyacı olan əhali üçün daşınmaz əmlak çox da əlçatan deyil. Bu səbəbdən həmin ərazilərdə mənzilə tələbat yüksək olaraq qalır. Lənkəran və Şirvan kimi şəhərlərdə isə evlərin satış qiymətləri, əsasən, onların maya dəyərinə görə müəyyənləşdirilir və buna görə də, Bakıdakı mənzillərlə müqayisədə çox ucuz olmur. Bu baxımdan, Lənkəran və Şirvan kimi bölgələrdə bu tip daşınmaz əmlaka marağın az olacağı ehtimal edilir. Halbuki bu şəhərlərin əhalisi sayca az deyil. Lakin əsas sosial təbəqə üçün daha sərfəli variant az miqdarda vəsaitlə torpaq alıb onun üzərində fərdi ev tikməkdir. Beləcə, insanlar kredit və ya uzunmüddətli sosial layihələrdən asılı qalmadan öz evlərinə sahib ola bilərlər. Bu səbəbdən də ölkənin kiçik şəhərlərində daşınmaz əmlak qiymətləri nisbətən aşağıdır və bu cür layihələrə maraq, əsasən, məhdud səviyyədə qalır”.
Qeyd edək ki, satışa çıxarılan mənzillər aşağıdakı komplekslərdə yerləşir:
Satışa çıxarılan mənzillər aşağıdakı komplekslərdə yerləşir: Hövsan Yaşayış Kompleksi (I mərhələ – 1 mənzil, II mərhələ – 7 mənzil) Binəqədi Yaşayış Kompleksi – 204 mənzil Sumqayıt Yaşayış Kompleksi – 10 mənzil Lənkəran Yaşayış Kompleksi – 10 mənzil Şirvan Yaşayış Kompleksi – 216 mənzil Yevlax Yaşayış Kompleksi – 179 mənzil Mənzillərin əldə olunması yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar üçün mümkündür. Elektron kabinetin yaradılması üçün sistemdə qeydiyyatdan keçmək və elektron imza ilə daxil olmaq tələb olunur. Satış prosesi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən həyata keçirilir. Ətraflı məlumat və mənzillərin yerləşdiyi komplekslər haqqında məlumatı www.mida.gov.az saytından və “Güzəştli mənzil sistemi” bölməsindən əldə etmək mümkündür.
Fidan Hacızadə
Sfera.az






