Siniflərdə şagird sayı azaldılacaq? - Elm və Təhsil Nazirliyindən CAVAB

Son illərdə bəzi məktəblərdə, xüsusilə Bakıətrafı ərazilərdə və Xırdalan şəhərində siniflərdə şagird sıxlığının artması müşahidə olunur. Artıq bəzi təhsil ocaqlarında, xüsusən də Bakının ətraf qəsəbələrində və Xırdalanda siniflərdə 40-dan çox, 60 şagirdin təhsil alması faktı qeydə alınıb.
Bu vəziyyətin təhsilin keyfiyyətinə ciddi təsir göstərdiyi iddia olunur.
Sfera.az sözügedən durumun tədris prosesinə və təhsil keyfiyyətinə mənfi təsir göstərib-göstərməməsi ilə bağlı Azərbaycan Respublikasının Siniflərdə şagird çoxluğuna Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib:
“Dövlət ümumi təhsil müəssisələrinin siniflərində şagirdlərin sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın müvafiq bəndlərinə uyğun təşkil olunur. Həmin Normalara əsasən, dövlət ümumi təhsil müəssisəsində ibtidai (I–IV siniflər), ümumi orta (V–IX siniflər) və tam orta (X–XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir”.
Qurumdan həmçinin bildirilib ki, təhsil müəssisələrinin infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi Elm və Təhsil Nazirliyinin daim diqqətində olan məsələlərdəndir.
“Təmir və tikintisi zəruri olan ümumi təhsil müəssisələri üzrə işlər hər il planlaşdırmaya əsasən həyata keçirilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir”.
Nazirliyin mövqeyinə əsasən, normadan artıq şagird sıxlığı yaranan hallarda paralel siniflərin təşkili və məktəb infrastrukturunun genişləndirilməsi istiqamətində addımlar mərhələli şəkildə həyata keçirilir.
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, siniflərdə çoxsaylı şagirdlərin olması təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir:

“Azərbaycanda, xüsusilə böyük şəhərlərdə əhalinin artımı fonunda məktəb tikintisi eyni sürətlə aparılmır. Bu isə siniflərin həddən artıq yüklənməsinə səbəb olub. Fakt odur ki, Xırdalan və Bakı ətrafı qəsəbələrdə siniflərdə 40–60 şagirdin olması halları mövcuddur və bu, təhsil mühitini qeyri-səmərəli edir. Ümumi Təhsil Haqqında Qanunun 14.2-ci maddəsinə görə, hər bir şagirdin təhsil hüququ bərabər təmin edilməlidir. Təəssüf ki, bu norma çox vaxt pozulur”.
Kamran Əsədov hesab edir ki, optimal sinifdə optimal say 20-24 nəfərdir. Əgər məktəb şəbəkəsi vaxtında genişləndirilsə, iki və üçnövbəli tədris ləğv olunsa, təhsil keyfiyyətində ciddi artım olacaq:
“Əsas problem şagird çoxluğu yox, məktəb və sinif otaqlarının azlığıdır. Yeni məktəblərin tikilməsi, paralel siniflərin artırılması və müəllimlərin işə qəbulu imkanlarının genişləndirilməsi vacibdir”.
Bəsti Rəfizadə
Sfera.az






