Evlilik xaricində ana olmağı seçirlər - Hansı nəticələr gözlənilir?

Dünyada ailə anlayışı və dəyərləri son illərdə köklü şəkildə dəyişməyə başlayıb. Süni mayalanma və bu kimi digər texnologiyaların inkişafı qadınlara kişi partnyor və ya evlilik olmadan ana olmaq imkanı verir.
Əgər əvvəllər bu, yalnız övlad sahibi ola bilməyən ailələr üçün bir tibbi çıxış yolu idisə, indi bir çox Qərb ölkəsində qadınlar sosial seçim kimi bu üsula müraciət edirlər. Bu isə cəmiyyətin əsas dayağı sayılan ailə institutuna ciddi təsirlər göstərir. Azərbaycan cəmiyyətində hələ bu hal müşahidə olunmasa da, prosesin dünyada sürətlə yayılması artıq sosial və mənəvi müzakirə mövzusuna çevrilib. Kişi partnyorsuz dünyaya gətirilən uşaqların atasız böyüməsi sosİal, psixoloji və emosional baxımdan hansı nəticələr doğura bilər?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bu prosesi sırf texnoloji yenilik deyil, qlobal ideoloji savaşın bir hissəsi kimi qiymətləndirir. Onun sözlərinə görə, dünyada ailə institutunun sarsıdılması planlı şəkildə həyata keçirilir:

“Təəssüf ki, bu gün bəşəriyyət çox qorxunc bir düşmənlə, şeytani bir qüvvə ilə üz-üzə qalıb. Dünyada elə bir sistem qurulub ki, elmi və texnologiyanı idarə edən, medianı, siyasəti, təhsili, qidanı, hətta mədəniyyəti nəzarətə götürən qlobal güclər bəşəriyyətin təbii fitrətini dəyişməyə çalışırlar. Məqsəd ailəni, əxlaqı və dini dəyərləri sıradan çıxarmaqdır. Media, kino və seriallar vasitəsilə ailə və dəyərlərə qarşı psixoloji təbliğat aparılır. Qida və dərman sənayesi üzərindən insanın genetik kodu dəyişdirilir, təbii qidalar süni məhsullarla əvəzlənir. Texnologiyanın imkanlarından istifadə edilərək “süni insanlar” yetişdirilir, cəmiyyət mənəvi dəyərlərdən uzaqlaşdırılır. Süni mayalanma da bu siyasətin bir parçasıdır, yəni təbii ailə modelinin yavaş-yavaş sıradan çıxarılması”.
Sosioloq hesab edir ki, bu proses nəticəsində gənc nəsil milli, mənəvi və ailə dəyərlərinə laqeyd böyüyür:
“Tarixi, irsi və mədəni köklərdən uzaqlaşan, əyləncəni həyatın əsas məqsədi sayan bir nəsil formalaşır. Ailəsiz, sevgisiz, məsuliyyətsiz yaşamaq təbliğ olunur. İki qadının evlənməsi, iki kişinin ailə qurub övladlığa uşaq götürüb böyütməsi, qadınların kişi partnyor olmadan uşaq dünyaya gətirməsi bütün bunlar normallaşdırılır. Bu, bəşəriyyətin mənəvi deqradasiyasına aparan təhlükəli yoldur”.
Elçin Bayramlı hesab edir ki, ailə dəyərlərinin qorunması dövlət və cəmiyyət səviyyəsində prioritet olmalıdır:
“Ailədə ata-ana modeli qorunmalıdır. Əks halda, fiziki və mənəvi baxımdan xəstə, dəyərlərsiz bir cəmiyyət formalaşacaq. İnsan yalnız texnologiya ilə deyil, mənəviyyatla da yaşamalıdır. Əks təqdirdə, gələcək nəsillər “zombi nəsli” deyilən, emosiyasız və dəyərlərsiz bir kütləyə çevriləcək”.
Psixoloq Ülkər Məhərrəmova məsələyə psixoloji tərəfdən yanaşaraq bildirib ki, bəzi gənclər ailə qurmaqdan qaçaraq sadəcə ana olmaq üçün süni mayalanmaya müraciət edirlər. Onun fikrincə, bu, gənclər arasında yanlış azadlıq anlayışının nəticəsidir:

"Ailə kiçik dövlətdir. Hazırda gənclərin bir qismi ailə məsuliyyətindən qaçır. Onlar sadəcə “ana statusu” qazanmaq, sosial şəbəkəərdə diqqət mərkəzinə çevrilmək istəyirlər. Necə ki, geyim və davranış dəbi var, indi də “kişisiz ana olmaq” bir dəbə çevrilib. Amma bu, çox təhlükəli tendensiyadır. Uşaq ailədə həm ata, həm də ana sevgisini görməlidir. Emosional bağın olmaması uşağın gələcəkdə psixoloji və sosial problemlərlə üzləşməsinə səbəb olur. Ailə bağı olmayan uşaqlar cəmiyyətdə özlərini ifadə etməkdə, münasibətlər qurmaqda çətinlik çəkirlər. Süni mayalanma yalnız tibbi səbəblər üzündən övlad sahibi ola bilməyən ailələr üçün çıxış yoludur. Amma kişisiz ana olmaq məqsədilə bu üsula müraciət düzgün deyil”.
Məhərrəmova hesab edir ki, uşağın psixoloji inkişafında ata modeli xüsusi rol oynayır:
“Oğlan uşaqları üçün ata modeli yeniyetməlik dövründə çox vacibdir. Uşaqlar böyüdükcə “niyə mənim atam yoxdur?” sualını verəcək, bu isə dərin emosional zərbə yaradır. Uşaq özünü yaşıdları ilə müqayisə etdikdə özünə inamını itirə bilər. Bu, gələcəkdə ailə qurmaq və münasibətlərdə balans tapmaqda da çətinlik yaradır. Süni mayalanma texnologiyalarının tətbiqi etik və psixoloji çərçivələrlə məhdudlaşdırılmalıdır. İnkişaf vacibdir, amma bu inkişaf insanın mənəvi və ailə dəyərlərinin hesabına olmamalıdır. Valideyn, övlad və ailə anlayışı qorunmalıdır. Əks halda, cəmiyyətin gələcəyi təhlükə altına düşəcək. Qərb ölkələrində qadınların kişi partnyorsuz ana olması halları artdıqca “ailə nədir?” sualı daha çox müzakirə olunur. Bu tendensiya bir gün milli və mənəvi dəyərləri sarsıda bilər. Texnologiyanın inkişafı insan həyatını asanlaşdırsa da, ailə anlayışının və emosional bağların qorunması cəmiyyətin sağlam gələcəyi üçün hələ də ən vacib məsələ olaraq qalır”.
Bəsti Rəfizadə
Sfera.az






