Gömrük prosesi sadələşdirildi - Karqoları tez alacağıq?

Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirlən üçtərəfli görüş çəçivəsində kommünike qəbul olunub.
Görüşdə sərhəd-keçid prosedurlarının sadələşdirilməsinin, nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasının zəruriliyi vurğulanıb.
Bəs görəsən, gömrük prosedurunun sadələşməsi yükdaşımaların sürətlənməsinə gətirib çıxara bilərmi?
Sualımızı cavablandıran politoloq Fərhad Məmmədov Sfera.az-a bildirib ki, məsələyə ümumi kontekstdə baxmaq lazımdır.
Onun sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı hər bir nəqliyyat dəhlizinin infrastruktur və bürokratik hissəsi var:
“İnfrastruktur hissəsi ilə bağlı Azərbaycan və Rusiya ənənəvi olaraq dəmir yolu ilə birləşib. İran dəmir yoluna gedən hissə isə Rəşt şəhərindən İranın Cənubuna qədərdir. Ona görə Azərbaycan sərhəddindən Rəşt şəhərinə qədər hissə var idi ki, 15 ilə yaxın bu istiqamətdə razılıqlar olsa da, konkret iş görülmür”.
Politoloqun sözlərinə görə, hazırda Rusiya-İran konsorsiumu yaradılır:
“Artıq infrastruktur baxımından dəmir yolunun tikintisi işlərinə start verilir. Belə olan halda, tikinti işləri başlayırsa, demək ki, onun bitmə tarixi olmalıdır. O dövrə qədər ikinci hissə, yəni bürokratik hissədə maksimum dərəcədə ən azı 3 ölkə biri-birinə güzəştlər edərək, bürokratik sadələşdirilmə edir. Bu əsasən də, sərhəd-keçid və gömrük prosedurlarında baş verir və öz növbəsində yükdaşımaların miqdarını artırmaq məqsədilə həyata keçirilir”.
Son olaraq müsahibimiz bu prosesin Astara-Rəşt dəmir yolunun tikintisinin bitməsinə qədər davam edəcəyini deyib. Səbəbi isə bu yolun daha operativ olması, ləngimələrin baş verməməsidir. İkincisi isə yükdaşımaların miqdarının artmasıdır.
Niyaz Hacıyev
Sfera.az






