Bu sahəyə yatırım etsəniz, varlana bilərsiniz

Bu sahəyə yatırım etsəniz, varlana bilərsiniz
Kateqoriya məlum deyil
T

Az vəsaiti olan vətəndaşlar üçün investisiya imkanları gündəmdədir. Qızıl, torpaq və ya bank əmanəti, bunların hər biri fərqli risk və gəlir potensialı təklif edir. İnsanları maraqlandıran isə az vəsaitlə hansı istiqamət üzrə investisiya qoyulmasının uğurlu olmasıdır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, az vəsaitlə investisiya etmək istəyənlər üçün ən əlverişli variantları düzgün seçmək vacibdir. 

 


Onun sözlərinə görə, qızıl, torpaq və bank əmanəti hər biri fərqli üstünlüklər və risklər təklif edir:


“Qızıl ənənəvi “təhlükəsiz liman” hesab olunur və inflyasiya ilə valyuta devalvasiyasına qarşı qoruyucu rol oynaya bilər. Kiçik miqdarda da əldə etmək mümkündür, məsələn, sikkələr və ya kiçik qızıl barlar vasitəsilə. Lakin qızılın qiyməti bazarda tez-tez dəyişir, qısa müddətli qazanc risklidir, həmçinin fiziki saxlama xərcləri,təhlükəsizlik və sığorta əlavə yük yaradır. Əgər uzunmüddətli qoruma və inflyasiyaya qarşı dayanıqlıq istəyirsinizsə, qızıl əlverişlidir”.


Ekspert qeyd edib ki, torpaq və əmlak uzunmüddətli sərmayə üçün stabil seçimdir:


“Torpaq qiymətləri zamanla artır və passiv gəlir imkanı yarada bilər, məsələn, icarə və ya inkişaf layihələrindən. Amma az vəsaitlə başlamaq çətindir, likvidliyi aşağıdır və vergi kimi əlavə xərclər mövcuddur. Buna görə torpaq investisiyası əsasən uzunmüddətli plan üçün nəzərdə tutulur”.

 

Müsahibimiz bank əmanətlərini ən təhlükəsiz variant hesab etdiyini vurğulayıb:


“Kiçik miqdarla başlamaq mümkündür, vəsait istənilən vaxt çıxarıla bilər. Lakin faiz nisbətləri çox vaxt inflyasiyanı üstələyə bilmir, yəni real gəlir məhduddur və uzunmüddətli böyümə perspektivi zəifdir”.

 

A.Nəsirlinin tövsiyəsinə görə, kiçik vəsaitlə risk istəməyənlər bank əmanəti, orta risklə uzunmüddətli qorunma istəyənlər qızıl, yüksək sərmayə və uzunmüddətli böyümə üçün isə torpaq və əmlak seçilsin. Eyni zamanda portfeli bölmək də faydalıdır: 

 

“Məsələn, 70% əmanət, 30% qızıl investisiyası həm likvidlik, həm də inflyasiyadan qorunma təmin edə bilər”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR