Hərbi büdcəni artırırlar - Müharibə olacaq?

ABŞ Senatı 2026-cı maliyyə ili üçün hərbi xərclərə 925 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib. Bununla da ABŞ hərbi büdcəsinin böyüklüyünə görə dünyada ilk sıradakı mövqeyini qoruyub.
Bəs digər dövlətlər hərbiyə nə qədər pul xərcləyir?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən hərbi jurnalist Anar Şuşalı bildirib ki, ABŞ-nin 2026-cı maliyyə ili üçün təsdiqlənmiş büdcəsi ölkənin müdafiə prioritetlərinin yüksək səviyyədə saxlandığını göstərir:

“Digər dövlətlərin son məlum olan hərbi xərcləri ilə müqayisədə ABŞ Senatının 925 milyard dollarlıq qərarı, Vaşinqtonun dünyada ən böyük hərbi güc olaraq qalmaq niyyətini açıq şəkildə nümayiş etdirir”.
Onun sözlərinə görə, digər ölkələrin 2024–2025-ci illərə aid hərbi xərcləri və artım göstəriciləri aşağıdakı kimidir:
“Çin-250 milyard dollar (2025). Büdcə 7,2% artım göstərib. GDP-yə nisbətdə 1,5%-in altındadır. Artım tempi yüksək olsa da, ABŞ səviyyəsində deyil.
Rusiya-145 milyard dollar (2025). Müdafiə və təhlükəsizlik xərcləri dövlət büdcəsinin təxminən 40%-ni təşkil edir. 2026-cı ildə cüzi azalma ehtimalı var.
Almaniya-88,5 milyard dollar (2025). Xərclər yüksələn trenddədir və GDP-yə nisbəti 1,9% civarındadır.
Hindistan – 86,1 milyard dollar. Müdafiə xərcləri artmaqdadır. GDP-yə nisbəti təxminən 2,3%-dir. Birləşmiş Krallıq-81,8 milyard dollar. NATO çərçivəsində öhdəliklər güclənir. GDP-yə nisbəti 2,3% civarındadır. Səudiyyə Ərəbistanı-80,3 milyard dollar. Regionda ən yüksək müdafiə büdcəsinə malik ölkələrdən biridir. GDP-yə nisbəti təxminən 7,3%-dir. Ukrayna – 64,7 milyard dollar (2024–2025). Müharibə şəraiti səbəbindən müdafiə xərcləri dövlət büdcəsinin 30–35%-ni təşkil edir və xarici yardımlarla dəstəklənir”.
Anar Şuşalı göstəricilərin ABŞ-nin hərbi büdcəsinin həcmi baxımından digər dövlətlərdən xeyli üstünlüyünü sübut etdiyini qeyd edib:
“Məsələn, Pekin 250 milyard dollarla Vaşinqtondan təxminən dörd dəfə az xərcləyir. Rusiya büdcəsi isə ABŞ-nin səviyyəsinə yaxınlaşmır. ABŞ-nin hərbi xərcləri həm məbləğ, həm də texnoloji imkanlar baxımından bütün ölkələri geridə qoyur”.
Ekspert qeyd edir ki, artan geosiyasi gərginliklər, Ukrayna müharibəsi, Tayvan məsələsi, Qərb-Rusiya münasibətlərində gərgin fon və Çin-ABŞ rəqabəti hökumətləri müdafiə xərclərini artırmağa vadar edir:
“Bu artım təkcə silah sistemlərinə deyil, həm də kiber təhlükəsizlik, hava-kosmik kəşfiyyat, süni intellekt əsaslı hərbi texnologiyalar və raket müdafiə sistemlərinə yönəlir. Bəzi ölkələrdə təhlükəsizlik, daxili müdafiə, polis kimi sahələr rəsmi müdafiə büdcəsinə daxil edilməsə də, faktiki olaraq vahid sistem kimi işləyir. Bu da ölkələr arasında müqayisəni çətinləşdirir. Xüsusilə neft gəlirlərinə və xarici yardımlara söykənən ölkələr üçün müdafiə xərclərinin artımı sosial, infrastruktur və səhiyyə sahələrinə ayrılan vəsaitlərin azalması ilə nəticələnə bilər”.
Fidan Hacızadə
Sfera.az






