11 oktyabr – Beynəlxalq Qızlar Günüdür

11 oktyabr – Beynəlxalq Qızlar Günüdür
Kateqoriya məlum deyil
T

Bu gün, 11 oktyabr, dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. BMT Baş Assambleyasının 2011-ci ildə qəbul etdiyi qərarla təsis edilən bu günün məqsədi qız uşaqlarının hüquqlarını qorumaq, onların təhsil, sağlamlıq və bərabər imkanlardan yararlanmasına şərait yaratmaq, həmçinin gender ayrı-seçkiliyinə qarşı qlobal diqqəti artırmaqdır.

 

Sfera.az xəbər verir ki, 2025-ci ilin statistik göstəricilərinə əsasən, qız uşaqlarının vəziyyətində müəyyən irəliləyişlər olsa da, hələ də ciddi problemlər qalır.

 

BMT və UNICEF-in məlumatına görə, hazırda dünyada 119 milyon qız təhsildən kənarda qalır. Onlardan 34 milyonu ibtidai, 28 milyonu aşağı orta, 58 milyonu isə yuxarı orta təhsil səviyyəsindədir. Qızların məktəbə getmə nisbəti 90 faiz səviyyəsindədir, oğlanlarda isə bu göstərici 92 faizdir. Qızların ibtidai təhsili başa vurma faizi artsa da, orta və yuxarı pillələrdə fərq hələ də qalır.

 

UNESCO-nun 2024-cü il hesabatına görə, dünyada hər dörd qızdan biri yuxarı orta məktəbi bitirə bilmir. Əsas səbəblər arasında erkən nikahlar, uşaqlıq analığı, təhsilə mane olan sosial stereotiplər və iqtisadi çətinliklər göstərilir. "UN Women"in məlumatına əsasən, dünyada hər il təxminən 10 milyon qız uşaq erkən yaşda ərə verilir. Bu hal qızların təhsildən uzaq qalmasına və onların hüquqlarının pozulmasına səbəb olur.

 

Pandemiya illərində yaranan öyrənmə itkisi də vəziyyəti ağırlaşdırıb. COVID-19 səbəbindən təxminən 50 milyon qız məktəbdən uzaq düşüb və onlardan bəziləri təhsilə bir daha qayıda bilməyib. Dünya Bankının hesablamalarına görə, qızların tam təhsilə çıxışı təmin olunsa, dünya iqtisadiyyatı hər il 15–30 trilyon dollar əlavə gəlir əldə edə bilər.


2024-cü ilin Qlobal Gender Bərabərliyi Hesabatına əsasən, gender bərabərliyinə nail olma səviyyəsi hazırda 68,5 faiz təşkil edir. Mövcud templə davam edilərsə, dünyada tam bərabərliyə çatmaq üçün hələ təxminən 130 il tələb olunur.

 

Azərbaycan da Beynəlxalq Qızlar Gününü dəstəkləyən ölkələr sırasındadır. Son illər qız uşaqlarının təhsili və sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə olunub. 15–24 yaş arası gənc qadınların savadlılıq səviyyəsi 100 faizə yaxındır. UNESCO-nun məlumatına görə, ölkədə savadsızlıq problemi demək olar ki, aradan qalxıb. 25 yaşdan yuxarı qadınların ən az orta təhsilə sahib olması göstəricisi 93,6 faizdir, kişilərdə isə bu rəqəm 97,6 faiz təşkil edir.

 

Bununla yanaşı, bölgələrdə erkən nikah halları və orta məktəbi yarımçıq qoyan qızların sayı diqqət çəkən sosial problemlər olaraq qalır. Dünya Bankının 2023-cü il hesabatına əsasən, Azərbaycanda 15–19 yaşlı hər 1 000 qızdan 35-i erkən yaşda ana olub.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR