Daxili qoşunların hərbçiləri bu şəxsləri saxlaya biləcək - QANUN

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Sfera.az xəbər verir ki, layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək.
Layhədə həmçinin daxili qoşunların hərbi qulluqçuları tərəfindən şəxslərin saxlanılması qaydaları, hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi şərtləri müəyyən olunub. Bunlardan başqa daxili qoşunların fəaliyyəti ilə bağlı dövlət orqanlarının səlahiyyətləri də müəyyənləşəcək.
Daxili qoşunların hərbi qulluqçuları aşağıdakı şəxsləri saxlamaq hüququ olacaq:
- inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsləri;
- axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri;
- fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimini, habelə dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejimini pozmuş şəxsləri;
- daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərə qanunsuz daxil olmağa cəhd edən və ya daxil olmuş şəxsləri.
Saxlanılan şəxslərə dərhal saxlanmanın səbəbləri bildirilməli və hüquqları izah edilməli və dərhal ən yaxın polis orqanına təhvil verilməlidir.
Tibbi zərurət olduğu halda saxlanılan şəxsə ilk tibbi yardım göstərilməlidir.
Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçusu odlu silahın xəbərdarlıq edilmədən tətbiq edildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.
Müzakirələrdən sonra qeyd edilən məsələlər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az






