İşləyən ana dramı: Gələcəkdə problem yaranacaq?

İşləyən ana dramı: Gələcəkdə problem yaranacaq?
Kateqoriya məlum deyil
T

Müasir dövrdə bir çox qadınlar azyaşlı övladlarına baxmaqla yanaşı, maddi və sosial səbəblərdən işləməyə məcbur qalırlar. Lakin işə başlayan anaların əksəriyyəti bu qərarlarına görə özlərini günahkar hiss edir. 


Bəs, bu hal uşağın gələcək həyatına təsir edirmi?

 

Neonatoloq Aidə Əliyeva Sfera.az-a açıqlamasında bildirib ki, bu hal bu gün ən aktual problemlərdən biridir:

 


“Hazırda anaların çoxu işə çıxmağa məcburdur. Əslində, uşaq 3 yaşına qədər anası ilə olmalıdır, çünki bu dövr onun emosional və psixoloji inkişafı üçün ən həssas mərhələdir. Ana uşağı ilə vaxt keçirməlidir. Lakin müasir dövrün tələbləri fərqlidir – qadın həm işləməli, həm də ailəyə dəstək olmalıdır. Bu zaman anada “pis ana oldum”, “uşağım məndən uzaq qalır” kimi fikirlər yaranır. Bu düşüncə və günah hissi həm ananın psixologiyasına, həm də uşağın emosional sabitliyinə təsir edir”.

 

Mütəxəssis qeyd edib ki, uşağın yaş dövrü ayrılığa verdiyi reaksiyaya birbaşa təsir edir:


“Bir yaşına qədər uşaq anasından qısamüddətli ayrılığa o qədər də həssas yanaşmır. Lakin 2–3 yaş aralığında bu vəziyyət onun üçün daha çətindir. Uşaq düşünür ki, anası gedəcək və geri qayıtmayacaq. Bu da onda qorxu, əsəbilik və narahatlıq yaradır. Ən ideal variant odur ki, ana 3 yaşa qədər uşağı ilə evdə olsun. Amma bu, hər zaman mümkün olmur. Buna görə də biz bu reallığa uyğunlaşmalı və uşağın psixoloji təhlükəsizliyini başqa yollarla təmin etməliyik”.


Aidə Əliyeva hesab edir ki, uşağa mənfi təsirin qarşısını almaq üçün əsas amil ananın keyfiyyətli zaman keçirməsidir:


“Ana gün ərzində uşağı ilə cəmi 2–3 saat vaxt keçirə bilər, amma bu vaxt keyfiyyətli olmalıdır. Əgər o, uşağa sevgi, diqqət və güvən hissi verə bilirsə, uşağın gələcək psixologiyasında ciddi problem yaranmaz. Əksinə, belə uşaqlar daha özünəgüvənli və sosial olur. Amma ana evə gəldikdə uşağa deyil, başqa işlərə vaxt ayırırsa, uşaqda ayrılıq qorxusu və özünə inamsızlıq formalaşa bilər. Bəzi analar bu hissi kompensasiya etmək üçün uşağın bütün istəklərini yerinə yetirməyə, çoxlu oyuncaq almağa və sərhədləri pozmağa başlayır. Bu da gələcəkdə uşağın davranışında problemlər yaradır. Əgər ana günah hissindən azad olub, özünü güvənli hiss edirsə, həm işləyib, həm də uşağına sağlam emosional mühit yarada bilər”.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR