"Evlilik xətrinə evlənənlərdə evlilik möhkəm ola bilməz"

"Evlilik xətrinə evlənənlərdə evlilik möhkəm ola bilməz"
Kateqoriya məlum deyil
T

Son illərdə Azərbaycanda boşanma hallarının artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Statistik göstəricilər evliliyin davamlılığında azalma meylini ortaya qoyur və ekspertlər bu tendensiyanın sosial-psixoloji səbəblərini araşdırır. Evliliyin adiləşməsi, şəxsi gözləntilərin artması və qarşılıqlı anlaşmanın zəifləməsi boşanmaların əsas səbəbləri sırasındadır. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, boşanmaların artmasının bir neçə səbəbi var.

 

 

Onun sözlərinə görə, hər ailəyə spesifik, hər cütlüyə özəl fərqli səbəblər olduğu kimi, ümumiləşdirilmiş, cəmiyyətin probleminə çevrilmiş bir neçə əsas səbəb var. O səbəblərdən birincisi insanların bir-birinə qarşı güzəşt, dözümlülük hissinin demək olar ki, yox olmasıdır:

 

“İndiki zamanda heç kim, kiməsə güzəşt etmək istəmir. Heç kim başqasına qarşı dözümlülük nümayiş etdirmir. Hətta ən yaxın ailə üzvünə belə dözümlülük göstərilmir. Bizim qanunən ən yaxın, birinci dərəcəli qohumumuz həyat yoldaşımızdır. Qanun bizə bu üstünlüyü tanıyır ki, qan qohumu olmasa belə, həyat yoldaşları bir-birinin birinci dərəcəli qohumudur. Biz hətta öz birinci dərəcəli qohumumuza qarşı, yəni həyat yoldaşımıza qarşı dözümlülük nümayiş etdirmiriksə, güzəşt göstərmiriksə, burda ailə birliyindən, bütövlüyündən söhbət gedə bilməz və nəticəsi boşanma olacaq”.


Sosioloq boşanmaların digər səbəblərindən birini isə, ailələrdə maddi məsələlərin mənəviyyatın önünə keçməsində görür:


“Ailələri ayaqda saxlayan, bütöv saxlayan əsas meyar həm də mənəviyyatdır. Tərəflərin mənəvi gücünü, mənəvi dözümlülüyünün çoxluğu, onların ailəsinin bütövlüyünə də xidmət edir. Əgər bir ailədə mənəvi məsələlər, maddi məsələlərdən sonra gəlirsə, bu da boşanmalara aparan cığırdır. Maddiyyat əhəmiyyətli dərəcədə qabardılırsa və maddi problemlər ailənin bütövlüyünə, birliyinə siraət edirsə, bu da boşanmalar üçün rəvac verir”.


Müsahibimiz qeyd edir ki, başqa bir səbəb isə ailələrin kənar müdaxilələrə məruz qalmasıdır:

 

“İkinci dərəcəli ailə üzvlərini, yaxın dostları, çevrəni nümunə kimi göstərmək olar. Çevrənin, mühitin boşanmalara əhəmiyyətli dərəcədə təsiri var. Bunu dana bilmərik”. 


L.Mehralı son olaraq əlavə edib ki, səbəblər sırasına evliliyin sıradan, adi bir həyat hadisəsi kimi təqdim edilməsi daxildir:


“Evlilik sıradan, adi deyil. Sadə bir həyati hadisə deyil. İki gəncin öz həyatını birləşdirməsi istiqamətində mühüm sosial instutun yaradılmasıdır. Bu sosial instutun yaradılması prosesində tərəflər nə qədər ciddi, məsuliyyətlidirsə, bu, bir o qədər möhkəmliyə xidmət edir. Evlilik xətrinə evlənənlərdə evlilik möhkəm ola bilməz. İndi evlənənlər evlənməmi, boşanma olarsa mal-mülkün necə paylaşılacağından danışırlar. Bu da, möhkəm ailənin qurulmasındakı özülü laxladır”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR