Əcnəbilərlə evlənənlərin sayı niyə azalıb?

Əcnəbilərlə evlənənlərin sayı niyə azalıb?
Kateqoriya məlum deyil
T

Bu ilin ilk 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1570 nikah bağlanıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə daha azdır. 


Maraqlıdır, artıq gənclər əcnəbilərlə ailə həyatı qurmaqda maraqlı deyillər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, son illərdə qloballaşmanın artması və beynəlxalq əlaqələrin genişlənməsi Azərbaycan cəmiyyətində də nikah seçimlərinə təsir göstərib:

 

 

“Son dövrlərdə əcnəbilərlə ailə qurulması halları əvvəlki illərlə müqayisədə çoxalıb. Bəli, ötən illə müqayisədə cüzi azalma müşahidə olunur, amma ümumi tendensiya baxımından məsələn, 20–30 il əvvəllə müqayisədə bu göstəricilər dəfələrlə artıb. Bu da təbii prosesdir, çünki dünya qloballaşır, xalqlar bir-biri ilə daha çox təmasdadır, insanlar müxtəlif millətlərdən olan şəxslərlə tanış olur və ailə qura bilir”.


Sosioloqun sözlərinə görə, bu cür nikahların hamısı sevgi və qarşılıqlı hörmət üzərində qurulmur. Bəzi hallarda məqsəd fərqli olur bu isə həm hüquqi, həm də sosial risklər yaradır:


“Əgər məqsəd sevgi və qarşılıqlı ailə həyatı qurmaqdırsa, burada heç bir problem yoxdur. Amma təəssüf ki, bəzi hallarda biz başqa niyyətlərlə bağlanan nikahlarla da qarşılaşırıq. Bunların arasında qadın alveri, iqtisadi maraqlar, eləcə də yaşamaq və ya vətəndaşlıq icazəsi almaq üçün qurulan saxta evliliklər var. Hətta bəzən müəyyən əmlaka sahib olmaq üçün də bu cür nikahlara rast gəlirik. Məsələn, xaricdə yaşayan, varlı və tənha şəxslə evlənərək onun mülkünə sahib çıxmaq istəyənlər olur. Əgər bu proseslərə diqqət və nəzarət olunmasa, insan hüquqları pozula, həm də sosial problemlər yarana bilər. Təbii ki, bu nikahların təxminən 70 faizi səmimi, ailə qurmaq məqsədilə baş tutur, amma 30 faizi müxtəlif məqsədlərlə  yalançı, müvəqqəti və formal evliliklərdir. Bu, ciddi sosial məsələdir”.


Ekspert hesab edir ki, Azərbaycan gənclərinin əcnəbilərlə evlənməyə marağının dəyişməsinin arxasında həm psixoloji, həm də iqtisadi faktorlar dayanır. 

 

“Xarici mədəniyyətlərə maraq, sosial mediada geniş ünsiyyət imkanları, xaricdə təhsil və miqrasiya dalğası bu meyli artırır. Digər tərəfdən, bəzi gənclər əcnəbilərlə evliliyi yaxşı həyat şəraiti, iqtisadi sabitlik və fərqli mədəni mühitə çıxış imkanı kimi görürlər. Əcnəbi ilə ailə qurmaq yanlış deyil, yanlış olan bunu sevgi və qarşılıqlı hörmət yox, maddi və ya məqsədli niyyətlərlə etməkdir. Bu zaman ailə deyil, yalnız problem yaranır”.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR