İnkişaf, demokratiya və sabitlik - Vətəndaş cəmiyyəti ilə sıx bağlıdır

Müasir dövrdə hər bir dövlətin davamlı inkişafı, sabitliyi və demokratiyanın dərinləşməsi vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlətin qurulması ilə sıx bağlıdır. Vətəndaş cəmiyyəti və hüquqi dövlət anlayışı bir-birini tamamlayan, qarşılıqlı asılılıq yaradan əsas ictimai institutlardır. Onların vəhdəti olmadan nə cəmiyyətin azad inkişafından, nə də dövlət idarəçiliyində ədalət və şəffaflıqdan danışmaq mümkündür.
Sfera.az xəbər verir ki, vətəndaş cəmiyyəti dövlət strukturlarından kənarda fəaliyyət göstərən ictimai münasibətlər sistemidir.
Buraya ictimai birliklər, qeyri-hökumət təşkilatları, müstəqil media, həmkarlar ittifaqları, könüllü hərəkatlar, ailə və dini icmalar kimi müxtəlif sosial institutlar daxildir. Onların əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması, dövlətin qərarlarının ictimai nəzarətdə saxlanılması və cəmiyyətin maraqlarının ifadə edilməsidir. Vətəndaş cəmiyyətinin güclü olduğu ölkələrdə insanlar dövlətin deyil, dövlət insanların rifahına xidmət edir. Bu, demokratik dəyərlərin təməlidir. Cəmiyyətin fəallığı, sosial məsuliyyəti və iştirakçılığı olmadan hüquqi dövlət ideyasının həyata keçməsi mümkün deyil. Hüquqi dövlət isə öz fəaliyyətini hüququn aliliyi, qanun qarşısında bərabərlik və insan hüquqlarının təminatı prinsiplərinə əsaslandıran idarəetmə modelidir. Belə bir dövlətin əsas məqsədi vətəndaşların azadlıqlarını qorumaq, hakimiyyətin səlahiyyətlərini məhdudlaşdırmaq və qanunun bütün subyektlər üçün eyni şəkildə işləməsini təmin etməkdir. Hüquqi dövlətdə idarəçilik fərdi iradədən deyil, qanundan asılı olur.
Bu iki anlayışın kəsişdiyi nöqtədə ictimai nəzarət mexanizmi yaranır. Yəni vətəndaş cəmiyyəti dövlətin fəaliyyətinə müdaxilə etmir, lakin onun qərarlarını müşahidə edir, təkliflər verir, tənqid və təşəbbüslərlə çıxış edir. Məhz bu qarşılıqlı əlaqə şəffaflığı artırır, korrupsiyanın qarşısını alır və vətəndaşların dövlətə inamını möhkəmləndirir. Azərbaycanın müstəqillik dövründə vətəndaş cəmiyyəti institutlarının formalaşması istiqamətində mühüm addımlar atılmışdır. Konstitusiyada insan hüquqlarının prioritetliyi, söz və fikir azadlığı, birləşmək hüququ kimi prinsiplərin təsbit olunması hüquqi dövlət quruculuğunun əsasını təşkil edir. Son illər QHT-lərin fəaliyyətinin dəstəklənməsi, ictimai şuraların yaradılması, açıq hökumət təşəbbüslərinin həyata keçirilməsi bu sahədə mühüm irəliləyişlər hesab olunur. Lakin vətəndaş cəmiyyətinin tam formalaşması üçün yalnız hüquqi baza kifayət deyil. Əsas şərtlərdən biri ictimai şüurun və hüquqi mədəniyyətin yüksəldilməsidir. İnsanlar hüquqlarını bilməli, onları qorumaq bacarığına malik olmalıdır. Bu, həm dövlətin məsuliyyətini, həm də vətəndaşların fəallığını artırır. Hüquqi savadlı cəmiyyət olmadan hüquqi dövlətin dayaqları zəifləyir.
Bundan başqa, vətəndaş cəmiyyəti yalnız tənqid və nəzarət funksiyasını deyil, həm də tərəfdaşlıq və sosial məsuliyyət missiyasını yerinə yetirməlidir. Dövlət və QHT-lər arasında əməkdaşlıq modeli sosial layihələrin birgə icrası, ictimai müzakirələr, sosial təşəbbüslərin dəstəklənməsi idarəçiliyin səmərəliliyini artırır.
Vətəndaş cəmiyyəti və hüquqi dövlət bir-birini tamamlayan iki sütundur. Onların möhkəm təməldə inkişafı demokratik dəyərlərin bərqərar olmasına, şəffaf və ədalətli idarəçiliyin formalaşmasına gətirib çıxarır. Hər iki institutun məqsədi eynidir insanın ləyaqətini, azadlığını və rifahını qorumaq.
Cəmiyyətin və dövlətin qarşılıqlı etimada əsaslanan münasibəti hüquqi dövlətin sabitliyini, vətəndaş cəmiyyətinin isə təsir gücünü təmin edir. Məhz bu qarşılıqlı harmoniya sayəsində müasir dünyada demokratik idarəetmə və dayanıqlı inkişaf mümkün olur.
Fidan Hacızadə
Sfera.az
Mövzu: vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu
Qeyd: yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.







