Dünyada cinsi azlıqlar üçün ən təhlükəsiz ölkələr – SİYAHI

Dünyada cinsi azlıqlar üçün ən təhlükəsiz ölkələr – SİYAHI
Kateqoriya məlum deyil
T

Dünyanın bir çox yerində cinsi azlıqlar hələ də diskriminasiya, zorakılıq və hüquq bərabərsizliyi ilə üz-üzə qalır. Lakin eyni zamanda, bəzi ölkələr bu sahədə ciddi islahatlara imza ataraq insan haqlarının qorunmasında ön sıralara çıxıblar. Qanunlar dəyişir, cəmiyyətlər tədricən açılır, bəzi dövlətlər isə tolerantlıq siyasətini prioritetə çevirir.


Sfera.az xəbər verir ki, Avropa uzun illərdir LGBTQ+ hüquqları baxımından dünyanın lider regionu sayılır. Xüsusilə Malta, ardıcıl səkkiz ildir “ILGA-Europe”un “Rainbow Map” indeksində birinci yeri qoruyur. Bu ada dövləti yalnız eyni-cinsli nikahı qanuniləşdirməklə kifayətlənməyib, həm də “konversiya terapiyası”nı qadağan edib, trans və homoseksual şəxslərin hüquqi tanınmasını sadələşdirib.

 

Malta ilə yanaşı Belçika, Danimarka, İslandiya və İspaniya da ən tolerant və inklüziv ölkələr sırasındadır. Bu ölkələrdə eyni-cinsli nikah tam qanunidir,nifrət cinayətləri ağır şəkildə cəzalandırılır. Həmçinin, trans şəxslərin cinsiyyət dəyişməsi üçün tibbi müdaxilə şərti aradan qaldırılıb və dövlət səviyyəsində inklüziv təhsil və səhiyyə proqramları tətbiq olunur.

 


Bu ölkələr təkcə qanunlarla kifayətlənməyib, həm də onları real həyatda icra edirlər. Bu ölkələrdə sosial qəbul səviyyəsi yüksək, cəmiyyətin təfəkkürü isə açıqdır.
Uzun illər Asiya ölkələri LGBTQ+ hüquqlarında geridə qalsa da, Tayland 2025-ci ildə regionun tarixində dönüş nöqtəsi yaratdı. İyul ayında qüvvəyə minən qanunla eyni-cinsli nikah rəsmi olaraq tanındı. 


Taylanddan başqa Asiyada yalnız Nepal və Tayvan eynicinsli birlikləri tanıyır. Qeyd edək ki,  proses 2001-ci ildə ilk  olaraq Avropada başlamış, Hollandiyada qanuniləşmişdi. Dərhal ikinci bu qanuna imza atan Belçika Federal parlamenti oldu və 2003-cü ilin iyunun 1-də qanun rəsmiləşdi. 2003-cü ilin 18 noyabrında ABŞ-nin Massaçusets ştatında eynicinsli nikahlara icazə verildi. 


Massaçusets ştatından başlayan bu proses tezliklə ABŞ-nin digər ştatlarında da qanuniləşdi. Yeni qanun Tayland vətəndaşlarına ailə qurmaq, miras, sosial təminat və tibbi qərarlarda bərabər hüquqlar verib. Paytaxt Banqkokda minlərlə cütlüyün qatıldığı kütləvi nikah mərasimi ölkənin tolerantlıq simvoluna çevrilmişdi.
Hüquq müdafiəçiləri bu addımı Asiyada “tarixi qələbə” adlandırsa da, hələ bəzi hüquqi boşluqlar qalır. Məsələn, eyni-cinsli ailələrin uşaqları övladlığa götürmə hüquqları tam təsbit edilməyib.

 

Bununla belə, Taylandın addımı qonşu ölkələrdə, xüsusilə Vyetnam, Tayvan və Yaponiya cəmiyyətlərində oxşar təşəbbüslərə marağı artırıb.Belə ki,  Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Danimarka, Ekvador, Finlandiya, Fransa,  Almaniya, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Meksika, Niderland, Yeni Zelandiya,Yunanıstan, Norveç, Portuqaliya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə və Birləşmiş Krallıqda da artıq bu qanun rəsmən tanınıb. 


Cinsi azlıqlar üçün ən təhlükəsiz ölkələr siyahısında Kanada da daim ön sıralardadır. Kanadada eyni-cinsli nikah 2005-ci ildən qanunidir, trans və homoseksual şəxslər isə pasport və şəxsiyyət sənədlərində cinsiyyət göstəricisini azad şəkildə dəyişə bilirlər. Bundan əlavə, dövlət büdcəsindən LGBTQ+ təşkilatlarına sosial layihələr üçün maliyyə ayrılır, məktəblərdə inklüziv təhsil proqramları həyata keçirilir.

 

Yeni Zelandiya və Avstraliya da oxşar siyasət yürüdür. Hər iki ölkədə anti-diskriminasiya qanunları qüvvədədir, ictimai qəbul səviyyəsi isə yüksəkdir. 2025-ci ilin mənzərəsi göstərir ki, cinsi azlıqlar üçün azadlıq və təhlükəsizlik artıq bir neçə qitədə gerçəkliyə çevrilib. Malta və Skandinaviya ölkələri bu sahədə tam hüquqi bərabərlik modelini qurublar. Kanada və Yeni Zelandiya isə sosial inteqrasiya və dövlət dəstəyi ilə fərqlənir. Asiyada Taylandın atdığı addım isə yeni bir dövrün başlanğıcını göstərir. Lakin dünyanın bir çox bölgəsində hələ də cinsi azlıqlar üçün “təhlükəsiz məkan” anlayışı sadəcə arzudur.

 

Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR