Məmur villası və susqunluq: AYNA rəhbərinin qalmaqalı cəmiyyətə nə deyir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin 1 milyon manatlıq villa alması ilə bağlı yayılan xəbərlər cəmiyyətin diqqət mərkəzinə çevrilib. Çünki bu, sadəcə bir əmlak sövdələşməsi deyil, həm də dövlət idarəçiliyində şəffaflıq, etik davranış və ictimai etimad məsələlərinin sınağa çəkildiyi bir hadisədir.
Sfera.az xəbər verir ki, iddialara görə, villa “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan iş adamı İlqar Hacıyevdən alınıb.
İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur. Onun barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılıb. İ.Hacıyev istintaqdan qaçaraq Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmayıb, 25.12.2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib. İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib. Ona xəbərdarlıq edilib ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Hacıyev 2020-ci ildən bəri istintaqdan yayınaraq ölkə hüdudlarından kənarda gizlənir. Belə bir şəxslə maliyyə əməliyyatı aparmaq, üstəlik bu əməliyyatı ictimai vəzifə daşıyan bir məmurun həyata keçirməsi, cəmiyyətin haqlı suallarını doğurur.
Anar Rzayev və AYNA bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Hüquqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycan qanunvericiliyində məmurların şəxsi əmlakları barədə ictimaiyyətə məlumat vermək öhdəliyi nəzərdə tutulmayıb. Halbuki 2005-ci ildə qəbul olunmuş “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” Qanun bu boşluğu doldurmalı idi. Lakin Nazirlər Kabineti bu qanunun icrasını 20 ildir ki, gecikdirir.
Bu susqunluq sadəcə hüquqi boşluq deyil. Bu, ictimai etimadın sarsılmasına səbəb olan bir davranış modelidir. Dövlət vəzifəsi daşıyan şəxs, xüsusilə ictimai xidmət sahəsində çalışan məmur, öz davranışları ilə nümunə olmalıdır. Əks halda, “susmaq” cəmiyyətin gözündə “gizlətmək” kimi görünür.
AYNA-nın rəhbəri milyonluq villa alarkən, ölkədə ictimai nəqliyyatın durumu heç də ürəkaçan deyil. Avtobus parkının böyük hissəsi köhnədir, sərnişinlərin narazılığı artır, qiymətlər qalxır, amma xidmət keyfiyyəti yerində sayır. Belə bir şəraitdə agentliyin rəhbərinin şəxsi zənginliyi ictimai narazılığı daha da gücləndirir.
İrəli sürülən iddialara sosial şəbəkələrdə, mediada geniş tənqidi mövqelər nümayiş etdirilib. Cəmiyyət məmurlardan dürüstlük, şəffaflıq və hesabatlılıq gözləyir. Bu gözlənti sadəcə hüquqi deyil, həm də mənəvi məsuliyyətdir.
Ayxan






