Payızın gözəlliyindən bu rayonlarda zövq almaq olar - RƏY

Yayın istisindən sonra gələn payız fəsli təkcə təbiətin rəngarəngliyi ilə deyil, həm də səyahət üçün ideal şəraiti ilə fərqlənir. Havanın nə çox isti, nə də soyuq olduğu bu dövrdə həm yerli, həm də xarici turlara maraq artmağa başlayıb.
Turistlər və yerli əhali əsasən hansı istiqamətləri seçirlər?
Turizm eksperti Ceyhun Aşurov Sfera.az-a açıqlamasında bildirib ki, payızda turizm nisbətən sakit dövr kimi görünsə də, bu fəsildə səyahət edənlərin profili və məqsədi fərqli olur:

“Artıq yay fəsli geridə qaldı, indi turizmdə daha sakit, amma özünəməxsus fəallığın müşahidə olunduğu payız dövrüdür. Bu fəsildə daha çox asudə vaxtı olan insanlar, xüsusilə təqaüdçülər, ailələr və iş tempindən uzaqlaşmaq istəyənlər regionlara və xarici ölkələrə səfərlər edirlər. Əsas istiqamət isə sağlamlıq turizmidir. Havanın indiki kimi mülayim olması müalicəvi səfərlər üçün ideal hesab olunur”.
Ekspert əlavə edib ki, payızda qiymətlər də xeyli əlverişli olur:
“Yay mövsümü ilə müqayisədə həm daxili, həm də xarici turlarda qiymətlərdə endirim müşahidə edilir. Turist sıxlığı azaldığı üçün xidmətlər daha rahat, qiymətlər isə daha münasib olur. Bu da çoxları üçün səyahəti əlçatan edir”.
Ceyhun Aşurovun sözlərinə görə, hazırda daxili turizmdə təbiət və həftəsonu turları üstünlük təşkil edir. Payız mənzərəsini görmək, təbiətin rəng dəyişimini izləmək istəyənlər əsasən Şamaxı, Quba, Qusar, Qəbələ və İsmayıllı kimi bölgələrə üz tuturlar.
"Bundan əlavə, Cənub bölgəsinə, sitrus meyvələrinin bol olduğu ərazilərə təşkil olunan bir günlük turlar da populyarlıq qazanıb. Xarici turlarda isə Azərbaycan turistləri ənənəvi olaraq Türkiyə, Misir, Şri-Lanka, Orta Asiya və Yaxın Şərq ölkələrini seçirlər. Bu istiqamətlər həm hava şəraitinə, həm də münasib qiymət siyasətinə görə payız aylarında daha çox maraq doğurur”.
Bəsti Rəfizadə
Sfera.az






