"Ailə anlayışını" yola vermək" olmaz" - Sosioloqdan ETİRAZ

Boşanmaların artmasının səbəbləri arasında sosial mediada nümayiş olunan “ideal həyat”ların rolu və yeni tanışlıq imkanlarının münasibətlərdə xəyanət riskini artırması müzakirə mövzusu olaraq diqqət çəkir.
Psixoloqlar bildirir ki, insanlar digər cütlüklərin paylaşdıqları mükəmməl anlara baxaraq öz münasibətlərini müqayisə edir və bu, bəzən məyusluq və narazılıq hissinə səbəb olur. Eyni zamanda, texnologiyanın imkan yaratdığı yeni tanışlıq platformaları münasibətlərdə sadiqlik və etibarı sınağa çəkir. Bu faktorlar birlikdə boşanmaların artmasına təsir edən sosial və emosional dinamikaları ortaya qoyur.
Məsələyə münasibət bildirən sosioloq Əhməd Rəhmanov Sfera.az-a açıqlamasında bildirib ki, son bir neçə ildə Azərbaycanda ailə cəmiyyəti demək olar, dağılır.

Onun sözlərinə görə ailə quran şəxslər, ailə quran zaman özünə bu sualı verməlidir ki, mən kompromizə gedə biləcəyəm? Ailə hər nə qədər avtoritar rejim olsa belə, ailədə kiminsə sözü əsas olsa belə, ailə də kompromizə olmalıdır:
“Yaxşı idarəetməni bilən adam həmişə kompromizə edir. Ona görə də, bizim gənclər ailə quranda özlərində bunun olub-olmamasına diqqət yetirməlidirlər. Onlar isə tam əksini etməyi düşünürlər ki, yola verəcəm. Ailədə isə, bu yola vermək şüarı getmir. Bu gün cəmiyyətin çox hissəsində yola vermək geniş yayılıb. Bu belə deyil. Ailə böyük cavabdehlikdir, öhdəlikdir. Bu öhdəliyə hazır olmayan insanlar ailə quranda, bu ailə tez bir zamanda dağılır”.
Sosioloq bunun sosial, iqtisadi vəziyyətlə əlaqəsinin olmadığını əlavə edib:
“Böyük Vətən müharibəsində insanlar böyük əziyyətlər çəkiblər. Amma o vaxtki ailələrdə uşaq sayı da çox olurdu və ailələr daha möhkəm və xoşbəxt olurdular. Bu gün isə, gənclərimiz buna hazır deyillər”.
Niyaz Hacıyev
Sfera.az






