Gələcəyin ardınca gedənlər – Gənclər niyə ölkədən uzaqlaşır?

Gələcəyin ardınca gedənlər – Gənclər niyə ölkədən uzaqlaşır?
Kateqoriya məlum deyil
T

Son illərdə Azərbaycan gəncləri arasında qabaqcıl ölkələrə köçüb, orada daimi yaşamaq istəyənlərin sayında artım müşahidə edilir. 


Maraqlıdır ki, gənclərin xaricə miqrasiya etmək istəyinin arxasında nə dayanır? 


Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirdi ki, xaricdə yaşamaq istəyən gənclərin sayı artır və burada bir vasitə kimi xaricdə təhsildən istifadə edilir.

 

Onun sözlərinə görə, xaricdə təhsilə maraq göstərilməsinin əsas məqsədi də məhz xaricdə yaşamaq istəyidir: 

 

“Maddi imkanı olan və ya təqaüd qazanan gənclər, təbii ki, xaricdə təhsil alıb orada yaşamağı seçirlər. Çünki gənc görür ki, orada inkişaf perspektivi var. Bilir ki, oxuyub özünü inkişaf etdirərsə, gələcəkdə istədiyi nəticələrə nail ola bilər. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Burada çox vaxt gənclər yüksək nəticələrlə, bəzən də qırmızı diplomla məzun olsalar da, 700 manat maaşla işləməyə razı qalırlar və ya ən yaxşı halda ortaaylıq əməkhaqqı ilə kifayətlənirlər. Reallıq budur ki, ölkəmizdə maaş səviyyəsi Avropa, ABŞ və digər inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Eyni zamanda ölkəmiz böyük deyil, burada iş imkanları da məhduddur. Buna görə də qabaqcıl ölkələrdəki həyat daha cəlbedici görünür”.

 


L.Mehralı bu səbəbdən gənclərin inkişaf etmək üçün oxuduqları ölkənin şəraitinə uyğunlaşmağa və orada qalmağa çalışdıqlarını qeyd etdi: 


“Əvvəllər gənc kadrların irəli çəkilməməsi, onlara kifayət qədər etimad göstərilməməsi bir çox gənci həvəsdən salırdı. Son illərdə isə vəziyyət nisbətən dəyişib. Həm dövlət, həm də özəl sektorda gənclərə daha çox imkan verilir, onlara müəyyən yollar açılır. Lakin yenə də əsas problem maaş məsələsidir. Həm dövlət, həm də özəl sektorda əməkhaqları gənclərin gözləntilərini tam qarşılamır. Gənc düşünür ki, mən təhsilimə bu qədər vəsait və enerji sərf etmişəmsə, özümü bu pillədə bu qədər maaşla görmək istəmirəm. Bu halda xaricdə işləmək onun üçün daha sərfəli və perspektivli görünür. Əslində, gənclərin çoxu özləri üçün uyğun şərait yarada bilsə Azərbaycanda qalmaq və işləmək istər”.


Onun sözlərinə görə, əgər bir gənc yenilikçi düşüncəyə malikdirsə, elmə, mədəniyyətə töhfə vermək potensialına sahibdirsə, onun qarşısı açılmalıdır:


“Bir gənc ilk addımını atanda, ikinci addım üçün də dəstək görməlidir. Münbit mühit yaradılmalıdır ki, istedadlı gənclər öz ideyalarını, ixtiralarını rahatlıqla reallaşdıra bilsinlər. Xüsusilə, gənc alimlərin xaricə axını son illərdə artıb. Çünki onların ixtiraları və yenilikləri ölkə daxilində yetərincə dəyərləndirilmir. Nəticədə, onlar ixtiralarını rəğbət gördükləri ölkələrə aparırlar. Bunu görə yeni nəsil də düşünür ki, əgər başqası orada dəyər görürsə, deməli, mən də orada daha çox qiymətləndiriləcəyəm. Beləcə, gənclər inkişaflarını xaricdə görürlər. Onları ölkəyə bağlamaq üçün isə diqqət və dəyər göstərmək, rəğbət yaratmaq vacibdir”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR