3 oktyabr – Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

3 oktyabr – Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür
Kateqoriya məlum deyil
T

Bu gün dünyada Ümumdünya Alkoqolizmlə Mübarizə Günü kimi qeyd olunur. 

 

Sfera.az xəbər verir ki, bu günün əsas məqsədi alkoqol istifadəsinin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlərə diqqət çəkmək, maarifləndirmə işlərini gücləndirmək və sağlam həyat tərzini təşviq etməkdir.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 15 yaşdan yuxarı insanların təxminən 7 faizi alkoqoldan asılılıq və istifadə pozuntularından əziyyət çəkir. 2019-cu ildə alkoqol istifadəsinin nəticəsi olaraq dünyada təxminən 2,6 milyon insan həyatını itirib. Bu ölümlərin 1,6 milyondan çoxu xroniki xəstəliklərdən, 700 minə yaxını travmalardan, 300 mini isə yoluxucu xəstəliklərdən qaynaqlanıb. Həmçinin, 2021-ci ilin göstəricilərinə görə, alkoqol istifadəsi nəticəsində dünyada 1,8 milyon ölüm baş verib ki, bunların 77,6 faizi kişilərin payına düşür.

 

Qlobal bazar proqnozlarına əsasən, 2025-ci ildən etibarən spirtli içkilərin istehlakında müəyyən artım gözlənsə də, eyni zamanda alkoqolsuz içkilərə maraq daha sürətlə artır. Mütəxəssislərin fikrincə, bu, cəmiyyətlərdə sağlam həyat tərzinə olan marağın artması ilə bağlıdır.

 

Azərbaycan üzrə göstəricilər də diqqət çəkir. Rəsmi məlumatlara görə, ölkədə 2020-ci ildə 15 yaşdan yuxarı əhali üzrə alkoqol istehlakı saf spirt ekvivalentində adambaşına 2,49 litr təşkil edib. Cinslər üzrə fərq də böyükdür: kişilərdə bu göstərici təqribən 1,5 vahid, qadınlarda isə 0,2 vahid səviyyəsindədir. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda alkoqol istehlakı daha aşağıdır, lakin artım tempi tamamilə dayanmayıb. Proqnozlara görə, 2023–2028-ci illərdə ölkədə spirtli içki istehlakının həcmi yavaş artım göstərəcək.

 

Mütəxəssislər bildirirlər ki, alkoqol istifadəsi yalnız şəxsi sağlamlığa deyil, həm də sosial mühitə ciddi zərbə vurur. Yol qəzalarının, məişət zorakılığı hallarının və kriminal hadisələrin bir çoxunda alkoqol amili mühüm rol oynayır.

 

Ekspertlərin qənaətinə görə, problemin həlli üçün ən təsirli yol erkən yaşlardan maarifləndirmə, təhsil müəssisələrində sağlam həyat tərzinin təbliği, ailə və icma dəstəyinin gücləndirilməsi, həmçinin dövlət səviyyəsində psixoloji və tibbi yardım proqramlarının davamlı olaraq həyata keçirilməsidir.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR