Stressi aradan qaldırmaq üçün bunları edin - Psixoloqdan AÇIQLAMA

Müasir dövrdə insanlar iş, ailə və şəxsi həyat arasında tarazlıq yaratmağa çalışarkən tez-tez stress və təzyiq altında qalırlar. Belə vəziyyətlərdə emosional sabitliyi qorumaq və düzgün qərarlar qəbul etmək üçün özünüidarə bacarıqları xüsusi əhəmiyyət kəsb edir. Bu bacarıqları inkişaf etdirməyin müxtəlif yolları var.
Maraqlıdır ki, stress və təzyiq altında özünü idarə etməyi öyrənmək üçün hansı gündəlik kiçik vərdişləri formalaşdırmaq olar və bu vərdişlər insanın daxili tarazlığında hansı rolu oynayır?
Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov müasir dövrdə insanların ən böyük çətinliklərindən birinin iş, ailə və şəxsi həyat arasında balans yaratmaq olduğunu deyib.

O bildirib ki, bu balansın pozulması insanı həm fiziki, həm də psixoloji baxımdan tez-tez stress və təzyiq altında qoyur:
“Belə hallarda özününüidarə bacarıqları emosional sabitliyi qorumaq, düzgün qərarlar qəbul etmək və daxili sakitliyi təmin etmək xüsusi əhəmiyyət kəsb edir. Özününüidarə bacarıqlarını gücləndirmək üçün gündəlik həyata daxil edilə biləcək kiçik, lakin davamlı vərdişlər mövcuddur”.
Psixoloq bu vərdişlərdən birinin nəfəs və diqqət məşqləri olduğunu qeyd edib.
Onun sözlərinə görə, sadə nəfəs texnikaları (dərin nəfəs alma, 4-7-8 metodu) və gündəlik 5–10 dəqiqəlik meditasiya stressin fizioloji təsirlərini azaldır, zehni sakitləşdirir və insanın daxili tarazlığını bərpa edir:
“Başqa bir vərdiş fiziki aktivlikdir. Hətta qısa gəzinti və ya yüngül idman hərəkətləri insanda endorfinlərin ifrazını artırır, orqanizmdəki gərginliyi azaldır və emosional sabitliyə müsbət təsir göstərir. Başqa bir vərdiş kimi, kiçik “dayanma” anlarıdır. Gündəlik həyatın sürəti içində 2–3 dəqiqəlik fasilələrlə “dayanmaq”, öz emosional vəziyyətini müşahidə etmək və anı dərk etmək insanın qərarvermə prosesini daha şüurlu edir. Əlbəttə, müsbət gündəlik vərdişlər vacib məqamdır. Kitab oxumaq, yazmaq, minnətdarlıq siyahısı tutmaq və ya günün sonunda kiçik nailiyyətləri qeyd etmək insanın diqqətini neqativdən pozitivə yönəldir və daxili motivasiyanı gücləndirir”.
E.Rüstəmov əlavə edib ki, burada ən vacib məqanlardan biri də sosial dəstəkdir:
“Ailə və dostlarla ünsiyyət, paylaşım və emosional dəstək həm stressin yükünü azaldır, həm də insanın özünü daha güvənli hiss etməsinə səbəb olur. Əslində gündəlik kiçik vərdişlər sadə görünsə də, insanın daxili tarazlığının formalaşmasında çox böyük rol oynayır. Bu vərdişlər insanın stress və təzyiq altında özünü idarəetmə qabiliyyətini gücləndirir, emosional sabitliyi qorumağa imkan verir və həyat keyfiyyətini yüksəldir. Daxili sabitlik böyük dəyişikliklərlə deyil, davamlı tətbiq olunan kiçik addımlarla qurulur”.
Fidan Hacızadə
Sfera.az






