"Yəqin valideynlərin puluyla almağı düşünüblər" -"Məktəbli avtobusu"na ETİRAZ

"Taksi "məktəbli avtobusu"ndan sərfəlidir”.
Sfera.az xəbər verir ki, bu haqda filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Elyar İslamoğlu sosial şəbəkə hesabında paylaşım edib.
“Məktəbli avtobusu" layihəsinə sevinmişdik, bu sevinc də çox çəkmədi. Bir şagird üçün 240 manat. Yəqin avtobusları valideynlərin puluyla almağı düşünüblər. Görəsən avtobusda səhər, günorta yeməyi də verirlər? İki uşağa 480 AZN. Bundansa taksi daha sərfəlidir”,- o, paylaşımında bildirib.
Qeyd edək ki, oktyabrın 1-dən etibarən Bakıda məktəblilərin daşınması məqsədilə həyata keçirilən “2school” layihəsinin icrasına başlanılıb. Pilot mərhələdə layihə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edir.
Layihə çərçivəsində şagirdlərin məktəbə və evə rahat və təhlükəsiz şəkildə daşınması nəzərdə tutulur. Daşıma xidməti aylıq abunəlik əsasında təşkil olunur və qiymətlər məsafəyə görə dəyişir. İlkin mərhələdə abunə haqqı 100 manatdan başlayır.
Həmçinin, aylıq abunə haqqı məsafədən asılı olaraq 180 manatdan 250 manata qədər dəyişir ki, bu da minimum əməkhaqqının təxminən 60 faizinə bərabərdir.
Firuzə Əliyeva
Sfera.az







