Tullantılar büdcəyə milyardlarla manat kimi "dönə bilər"
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın
Aqrar Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə əlaqədar hesabat
müzakirə edilib.
Sfera.az APA-ya istinadən bildirir ki, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi
Qərib Məmmədov deyib ki, hesabat ilində bölmənin institutlarında ümumilikdə 6 problemi
əhatə edən 44 mövzu üzrə tədqiqatlar aparılıb. Bölmənin elmi müəssisələri və respublikanın
ali təhsil müəssisələri elmi-fundamental tədqiqatlar sahəsində 10 mühüm nəticə əldə edib.
İnstitutların əməkdaşlarının 45 məqaləsi impakt faktorlu jurnallarda çap olunub.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən Əlövsət Quliyev
bildirib ki, hazırda ölkədə 62 faizə yaxın su itkisi var, təkcə 4 milyard kubmetr su Muğan
kollektoru ilə Xəzərə axıdılır: "Ölkədə hidrometrik post yoxdur, biz bunu deməliyik.
Azərbaycana əsasən kimyəvi gübrələr idxal olunur. Bununla bağlı bir məqamı qeyd
edim. Bu gün Azərbaycanda 22 milyon ton üzvi tərkibli tullantı var. Bu üzvi tərkibli
tullantıların tərkibində 176 min ton azot, 212 min ton kalium, o cümlədən yüz min
tonlarla üzvi gübrələr var. Bu, kifayət qədər böyük ehtiyatdır. Biz illərlə bundan istifadə
edə bilərik və etməliyik. Tullantılar milyardlarla manat xeyir verə bilər. Biz həm də
kimyəvi gübrələrdən imkan daxilində az istifadə etməli, üzvi gübrələrə üstünlük verməliyik.
Çünki çürüntü sonda təbii olaraq torpağa qarışır".
Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət
Heyətinin qərarı ilə bəyənilib və AMEA-nın illik hesabatına daxil edilib.






