Toyu yasa döndərənlər - Psixoloji problemləri VAR?

Son zamanlar avtoxuliqanlıq hallarında artım müşahidə olunur. Əvvəllər əsasən kişilər arasında rast gəlinən bu hal indi qadın sürücülər arasında da yayılmağa başlayıb.
Sosial şəbəkələrdə yayılan görüntülər göstərir ki, qayda pozuntuları bəzən qəzalarla, hətta ölümlə nəticələnir. Bu isə ictimaiyyət arasında ciddi narahatlıq doğurur.
Bunun əsas psixoloji səbəbi nədir? İnsanların özlərini göstərmə çabası nədən irəli gəlir?
Mövcud məsələ ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Elgül Ağarzayeva son zamanlar yol qəzalarının və avtoxuliqanlıq hallarının sayında artımın müşahidə olunduğunu və xüsusilə də kişilər arasında bu hallara daha çox rast gəlindiyini deyib.
q
Onun sözlərinə görə, burada ilk növbədə ayırd etmək lazımdır ki,bu durum insanlardakıyüksək emosionallıq səviyyəsi, stress halının yüksək olmasından yoxsa avtoxuliqanlıq vəziyyətindən irəli gəlir:
“Son dövrlərdə həyat tərzinin dəyişməsi, məktəblərin və universitetlərin yeni dərs ilinə başlaması, yollarda tıxacların artması insanları daha səbirsiz, emosional və stresli davranmağa sövq edir. Bu səbəbdən də səbirsiz şəkildə avtomobil idarə olunarkən daha çox yol qəzaları baş verir”.
Psixoloq digər bir məsələnin insanın alt şüuruna tabe olması olduğunu bildirib:
“Avtoxuliqanlıq meyli insan həyatının müəyyən mərhələsində sürət ehtiyacının dəyişməsi ilə bağlıdır. Sürətli avtomobil sürərək adrenalin yaşamaq, beyində xoşbəxtlik hormonlarının yüksəlməsi bu halların yaranmasına səbəb ola bilər. Bəs insan niyə başqa zövq mənbələrini deyil, məhz avtoxuliqanlığı seçir? İlk növbədə qeyd etmək lazımdır ki, hər bir insanda həm şüur, həm də alt şüur mövcuddur. Bəzən insan alt şüurun təsiri altında qalır. Alt şüurda əsasən qadağan olunmuş hisslər və istəklər yerləşir. İnsan şüurlu varlıq olduğu üçün normal halda bu qadağan olunmuş arzulara qarşı durur. Amma bəzi şəxslər kənara çıxmış, deviant davranışlar edirlər. Bu davranışların nəticəsi isə qəzalar, insan həyatının itirilməsi və digər faciəli hallarla nəticələnə bilər.
Digər səbəb isə xüsusilə gənclər arasında müşahidə edilən özünüqiymətləndirmənin aşağı olması və özünü təsdiq etmə istəyidir. Elə bil ki, şəxs yüksək sürətlə avtomobil idarə etməklə hansısa böyük iş görmüş kimi özünü dəyərləndirir, ətrafın diqqətini cəlb edir. Bu isə natamamlıq kompleksindən irəli gələn haldır. Belə bir psixoloji vəziyyət uşaqlıqdan formalaşmış tərbiyə boşluqlarından qaynaqlanır. Özünə inamı zəif olan şəxs bu cür hərəkətlərlə özünü ideal göstərməyə və özünü möhkəmləndirməyə çalışır”.
Fidan Hacızadə
Sfera.az






