Nə üçün tükənmişlik hissi yaşayırıq? - Psixoloqdan AÇIQLAMA

Müasir dövrdə insanların qarşılaşdığı ən böyük psixoloji problemlərdən biri tükənmişlik sindromudur. Sürətli həyat ritmi, yüksək gözləntilər, daim nəticə göstərmək təzyiqi və sosial müqayisələr insanın emosional gücünü tükəndirir. Buna görə də həm iş həyatında, həm də şəxsi münasibətlərdə insanlar tez-tez motivasiya itkisi, yorğunluq və emosional boşalma yaşayırlar.
Maraqlıdır, bunun səbəbi nədir?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən psixoloq Gövhər Məmmədova tükənmişlik sindromunun həm fiziki, həm də emosional səbəblərdən yarana bildiyini deyib.
Onun sözlərinə görə, məsələn, gərgin iş rejimindən sonra yaranan yorğunluq və ya bir işə böyük həvəslə başlayıb bütün enerjini əvvəlcədən sərf etdikdə, sonradan tükənmişlik hissi ortaya çıxa bilər:

“Həmçinin sevmədiyimiz işdə çalışdıqda, müəyyən müddətdən sonra həmin iş bizi həddindən artıq yora bilər və nəticədə tükənmişlik baş verir. Əgər biz sevmədiyimiz işdə işləyiriksə və artıq işdən yorulmuşuqsa, bu, bütün həyatımızı yalnız iş üzərində qurmalı olmadığımızın göstəricisidir. İşdən əlavə, şəxsi həyatımıza da vaxt ayırmalı, balansı qorumalıyıq”.
G.Məmmədova bunun üçün gündəlik idmanla məşğul olmağın faydalı olduğunu vurğulayıb:
“Fiziki hərəkət və ya sadə gəzintilər emosional yorğunluğun qarşısını almağa kömək edir. Bundan başqa, yuxuya və qidalanmaya xüsusi diqqət göstərilməlidir. Yuxu insan üçün bir nömrəli faktordur: əgər kifayət qədər yatmırıqsa, günə yorğun başlayırıq. Qidalanmada isə omeqa ilə zəngin məhsullara üstünlük vermək vacibdir, çünki bu, beynin stressini azaltmağa kömək edir. Tükənmişlik sindromunun yaranmasına səbəb olan amillər arasında insanlar da ola bilər. Əgər etibar edilən şəxslərə güvən itirilirsə, bu, insanda güvənsizlik hissi yaradır və həmin hiss olduqca yorucu təsir göstərir”.
Psixoloq eyni zamanda, tükənmişlik sindromunun yalnız iş həyatı ilə bağlı deyil, həm də ev və ailə münasibətləri ilə əlaqədar ola biləcəyini qeyd edib:
”Ailə münasibətlərində problem yarandıqda insan həyatından yorula bilər. Bundan əlavə, depressiyada olan şəxslərdə də tükənmişlik sindromu müşahidə oluna bilər. Belə vəziyyətlərdə isə insanın həyatına yeni motivasiya ilə davam etməsi üçün səy göstərməsi vacibdir”.
Fidan Hacızadə
Sfera.az






