Gündəlik 4,8 manat: "Aztəminatlı ailə üçün böyük xərcdir"

Azərbaycanda 2025-ci ilin oktyabrın 1-dən avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər qüvvəyə minəcək. Yeni qərara əsasən, gedişhaqqı 60 qəpik olacaq.
İctimai nəqliyyatdakı gedişhaqqının dəyişməsini Sfera.az-a şərh edən nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, bu sahədə diferensial qiymətlərin tətbiqi zəruridir.
Onun fikrincə, ictimai nəqliyyatdan müntəzəm istifadə edən və aşağı gəlirə sahib olan şəxslərə güzəştlər olmalıdır:
"Qiymətin 60 qəpik olması kontekstindən yanaşsaq, aztəminatlı ailələr üçün bu kifayət qədər yüksək xərcidr. Təsəvvür edin ki, bir aztəminatlı ailədən hər gün 4 nəfər ictimai nəqliyyatdan istifadə edir. Həmin ailənin gediş-gəliş üzrə gündəlik ictimai nəqliyyat xərci 4,8 manat olacaq. Bu, həmin ailə üçün böyük vəsaitdir.
Buna görə də müəyyən sosial qruplara, heç olmasa məktəblilərə sosial güzəşt paketi təqdim olunmalıdır. Xatırlayıram ki, bizə SSRİ dönəmində tələbə olarkən aldığımız müavinətdən (stipendiya) hər ay 2 manat 50 qəpik çıxaraq, əvəzində ictimai nəqliyyatdan daimi və limitsiz istifadə etmək üçün kart verilirdi. Biz o kartla çox rahat şəkildə 1 ay bütün nəqliyyat növlərindən istifadə edirdik. Mənə elə gəlir ki, qiyməti qaldırarkən, aztəminatlı ailələr, sosial ehtiyacları aşağı səviyyədə olanlar, tələbə və orta məktəb şagirdləri üçün ən azından aşağı qiymətə birdəfəlik istifadə üçün limitsiz kartlar təqdim edilməlidir. Bu kartlar dünya praktikasında ən inkişaf etmiş ölkələrdə də tətbiq olunur”.

Ekspert ictimai nəqliyyatda gedişhaqlarının bahalaşmasının taksi xidmətlərinin qiymətinə təsir etməyəcəyini də düşünür:
“Ümumən götürsək, bu qiymət artımı taksi qiymətlərinə təsir göstərməməlidir. Çünki burada, yalnız 10 qəpik artımdan söhbət gedir. Bu baxımdan taksi xidmətləri də fürsətçilik edib qiymətləri qaldırmamalıdırlar”.
Niyaz Hacıyev
Sfera.az






