Prezidentlərin məzuniyyətləri - Kim harada dincəlir?

Prezidentlərin məzuniyyət günləri mövzusu uzun illərdir həm media, həm də ictimaiyyət tərəfindən izlənir. Çünki dövlət başçılarının iş yükü çox ağır olsa da, onların istirahətə necə yanaşmaları həm siyasi imic, həm də səmərəlilik baxımından müzakirə olunur.
Dövlət başçılarının “məzuniyyət” anlayışı adi işçilərdəki kimi qanunla müəyyən edilmir. Prezidentlər vəzifədə olduqları müddətdə 24/7 rejimində məsuliyyət daşıyır, hətta istirahətdə olarkən belə təcili qərarlar qəbul etməli, beynəlxalq zənglərə cavab verməli olurlar. Buna görə də onların məzuniyyəti adətən ictimai tədbirlərdən uzaq qaldıqları günlər əsasında qiymətləndirilir.
Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilk hakimiyyət illərində təxminən 381 gün istirahət xarakterli səfərlərdə olub. Onun məzuniyyət günləri tez-tez mübahisə yaradıb, çünki əksər hallarda bu səfərlərdə də dövlət işləri ilə məşğul olduğunu vurğulayıb. Lakin Trampın indiki hakimiyyət dövründə bununla bağlı əsaslı məlumat yoxdur.
Fransada prezidentlərin istirahəti çox vaxt ictimai müzakirə mövzusu olur. Prezident Emmanuel Makronun yay tətilində Cənubi Fransada və ya Korsikada istirahət etməsi tez-tez medianın gündəminə çıxırdı.
Bununla yanaşı Rusiya prezidenti Vladimir Putin məzuniyyətini çox vaxt Sibir dağlarında, Altay bölgəsində keçirir. Rəsmi olaraq məzuniyyət günlərinin sayı açıqlanmır, amma adətən yayda bir neçə günlük istirahət fotoları (balıqçılıq, dağ yürüşləri) mediada diqqət çəkir.
Bu barədə Azərbaycan Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, “mənim istirahət günlərim yoxdur”.
Azərbaycan qanunvericiliyində dövlət qulluqçuları üçün ödənişli məzuniyyət müddətləri mövcud olsa da, Prezident vəzifəsi üçün ayrıca “illik məzuniyyət” anlayışı nəzərdə tutulmayıb. Dövlət başçısının istirahəti şəxsi qrafikinə və ölkə işlərinin gedişatına bağlıdır.
Qeyd edək ki, dövlət başçıları şəxsi istirahət günlərini öz fəaliyyət qrafiklərinə uyğun müəyyənləşdirirlər. Bu günlərdə də prezidentlər faktiki olaraq işdən tam ayrılmır, sadəcə ictimai tədbirlərdə görünmürlər.
Dünyanın müxtəlif ölkələrində prezidentlərin rəsmi məzuniyyəti yoxdur. Onların istirahət günləri daha çox ictimai tədbirlərdən uzaq qaldıqları vaxt kimi dəyərləndirilir. Prezidentlər işdən tam ayrıla bilmədikləri üçün faktiki olaraq daim dövlət idarəçiliyi ilə məşğul olurlar.
Fidan Hacızadə
Sfera.az






