İnsanlar arasında ən çox maraq doğuran mövzulardan biri də astrologiyadır. Bəziləri onu elm kimi qəbul etmir, bəziləri isə mövcudluğuna və təsirinə inanır. Əslində, hər bir elm sahəsində olduğu kimi, astrologiyanın da özünəməxsus dərinlikləri və diqqətçəkən məqamları mövcuddur.
Sfera.az-ın əməkdaşı astologiyanın incəlikləri ilə bağlı astroloq Aytən Salami ilə söhbət edib. Müsahibəni təqdim edirik:
-Doğum xəritəsində görünən neqativ halları aradan qaldırmaq mümkündürmü?
-Doğum xəritəsi təhlil edilərkən astroloq orada həm müsbət, həm də mənfi göstəriciləri açıqlayır. Baş verəcək hadisələrin qarşısını almaq mümkün olmasa da, onları əvvəlcədən bilmək insana hazırlıqlı olmağa imkan yaradır. Məsələn, xəritədə sağlamlıqla bağlı risk görünürsə, astroloq müştəriyə həkim müayinəsindən keçməyi tövsiyə edir. Normalda həmin insan yoxlanışdan keçməsə də, astroloqun məsləhəti ilə vaxtında müalicə alır və ciddi problemlərin qarşısını ala bilir.
-Doğum xəritəsi insanın taleyi sayılırmı? Əgər taleyə tam bağlı deyilsə, onun həyatla hansı əlaqəsi var?
-Doğum xəritəsi dedikdə, doğum anında göy üzündə planetlərin düzülüşü və onların enerjiləri nəzərdə tutulur. Bu xəritə insanın potensialını, yaşayacağı təcrübələri göstərir. Lakin mən bunu “tale” adlandırmazdım, çünki insan iradəsinə və seçimlərinə inananlardayam. Hər bir şəxs öz həyatını formalaşdırmaq gücünə malikdir. Mən də xəritə analizlərində daim bunu vurğulayıram.
-Astrologiyada ən şanslı və ən şanssız bürclər hansılardır?
-On iki bürc mövcuddur və Yer üzündə milyardlarla insan yaşayır. Kimsə həyatda tam şanslı, digəri tam şanssız deyil. Sadəcə, hər kəsin həyatında fərqli uğur sahələri olur: kimininsə ailəsi möhkəmdir, amma maddi çətinlik yaşayır; bir başqası karyerada yüksəlir, lakin sevgi həyatında istədiyini tapmır. Bu, sırf bürclə bağlı deyil, doğum xəritəsindəki potensiallarla bağlıdır. Xəritə hansı sahələrdə uğurlu, hansı sahələrdə çətinliklər olacağını daha real göstərir.
-Bir insanın bizim “qismətimiz” olduğunu doğum xəritəsindən bilmək olarmı?
-İnsanın qismətini doğum xəritəsi ilə bilmək mümkün deyil. Lakin xəritədə partnyorla münasibətlərdə hansı xarakterdə insanla qarşılaşacağı, hansı sınaqlardan keçəcəyi görünə bilər. Həmçinin evlilik potensialı, uğurlu olub-olmayacağı və digər bu kimi məsələlər də orada əks olunur.
-İl sonuna az qalır. Hansı bürclərin üzü güləcək, yaxud 2026 hansı bürcün ili hesab olun bilər?
-Son iki ildə Balıq bürcləri çox çətinliklər çəkib. Lakin 2025-ci ildən etibarən onların üzləri gülməyə başlayacaq. 2026-cı ildən isə həyatlarında tamamilə yeni bir səhifə açılacaq: uğur, şans, bolluq və bərəkət onları gözləyir. Ümumilikdə su ünsürlü bürclər- Balıq, Əqrəb və Xərçəng 2025 və 2026-cı illərin şanslılarıdır. Bunun əsas səbəbi Yupiterin Xərçəng bürcündə olmasıdır. Bu planet onlara böyük şanslar gətirəcək. Xüsusilə 2026-cı ilin yanvar və may ayları su ünsürlü bürclər üçün çox uğurlu olacaq. Daha sonra 2026-cı ilin ikinci yarısından sonra isə Dolçalar üçün şanslı dövr başlayacaq, çünki tutulmaların şimal Ay düyümü hissəsi Dolçada yerləşəcək.
Eyni zamanda, həyatlarında çətinliklərlə üzləşəcəkləri dövrə daxil olacaq bürclər də var. 2026-cı ildə Qoçlar, Tərəzilər və bundan təsirlənən bəzi Oğlaqlar müəyyən çətinliklər yaşayacaq. Xərçənglər isə Yupiterin dəstəyi ilə nisbətən daha şanslı olacaqlar. Ən çox çətinlikləri Qoçlar yaşayacaq, çünki Saturn Qoç bürcünə keçir və bu planet karmadır. 2026-2027-ci illər Qoç və Tərəziləri sınaqdan keçirəcək. Bu təsirlər həm yüksələn, həm Günəş, həm də Ay bürclərinə aiddir.
-İnsanlar ən çox hansı səbəbdən astroloqa müraciət edirlər?
-Ən çox müraciətlər isə karyera, münasibətlər və ailə ilə bağlı olur. Evli insanlar ailədaxili problemlərini soruşur, gələcəyin necə formalaşacağını, ayrılıq ehtimalını öyrənmək istəyirlər. Analar isə övladlarının təhsil, ixtisas seçimi və gələcək planları üçün müraciət edirlər.
-Hər kəs astroloq ola bilərmi, yoxsa bu xüsusi qabiliyyət tələb edir?
-Astroloq olmaq hər kəsin bacardığı iş deyil. Bu həm səbr, həm də sevgi tələb edir. Astroloq olmaq istəyən insan ən azı 3 il bu sahədə təhsil almalıdır. Astrologiya dərin və mürəkkəb elm olduğu üçün onu sevmədən öyrənmək çətindir. Üstəlik, astroloqun öz doğum xəritəsində də müəyyən göstəricilər olmalıdır. Məsələn, çox vaxt astroloqlar Dolça bürcü ilə bağlı kombinasiya daşıyırlar. Hətta 100 nəfər astrologiya öyrənsə də, Dolça təsiri güclü olanlar daha uğurlu olur və cəmiyyət qarşısına çıxırlar.
-Qarşımıza çıxan hər ritualı etmək düzgündürmü?
-Rituallar mövzusuna gəlincə, əsas ritual arzulara inanmaq və hədəflərə fokuslanmaqdır. Dua etdiyiniz zaman bu, kainata göndərilən niyyət kimi qəbul olunur. Amma “filan vaxtda ev almaq istəyirəm” kimi konkret vaxt qoymaq düzgün deyil. Arzulara inanmaq və onları kainata buraxmaq kifayətdir. Çox təkrar ritual etmək və ya hansısa kodlardan istifadə etmək məsləhət görülmür, çünki həmin enerjinin arxasında nə olduğunu bilmək mümkün deyil. Ən sadə ritual-arzunu kağıza yazmaq və ona inanmaqdır.
-Bəs rituallar karma dərəcəsinə görə fərqlənirmi?
-Əgər başqa insanların başladığı enerji işlərinə qoşulursunuzsa, həmin şəxsin karması və mənfi yükləri də sizə keçə bilər. Buna görə də öz enerjinizdən başqa heç bir enerjiyə güvənməmək daha sağlam yanaşmadır. Hərçənd şam yandırmaq, xüsusi sözləri təkrarlamaq kimi rituallar tövsiyə olunsa da, taleyinizdə yoxdursa, heç bir halda baş verməyəcək. Ən yaxşı məsləhətim tanrıya dua etmək onun olacağına inanmaqdır.
-Təbiətdə bütün canlıların bürcü varmı?
-Astrologiyanın maraqlı tərəfi ondadır ki, bütün canlıların, hətta hadisələrin də xəritəsi olur. Məsələn, bir qəza baş verdikdə həmin anın xəritəsi ilə hadisəyə qarışan şəxslərin xəritəsi üst-üstə qoyulur. Bununla yanaşı müharibələrin də xəritəsi mövcuddur.
-Ölkələrin bürcü var?
-Bəli, eyni zamanda ölkələrin də doğum xəritəsi mövcuddur. Bir dövlətin yaranma tarixi və saatı onun bürcünü müəyyən edir. Bu, “mundane astrologiya” adlanır və burada ölkələrin, liderlərin, müharibələrin və böhranların proqnozları aparılır. Məsələn, Azərbaycanın bürcü Əkizlər, yüksələni isə Oxatandır.
-Astrologiya niyə bəzən elm kimi qəbul edilmir?
-Astrologiyanın tarixinə nəzər salsaq, onun kökləri Babil, Şumer və Misir mətnlərinə qədər gedib çıxır. Ən qədim əsərlərdən biri Ptolemeyə aid olan üçcildlik Tetrabiblosdur. Tarix boyu astrologiya inkişaf edib, alimlər bu sahəyə mühüm töhfələr veriblər. Lakin bir dövrdə astrologiya qadağan edilib, hətta astrologlar cəzalandırılıb, kitablar yandırılıb. Çünki hakimiyyətlərin xoşuna gəlmirdi ki, insanlar gələcək hadisələri əvvəlcədən bilsin. Buna baxmayaraq, bu gün astrologiya dünyanın hər yerində maraqla izlənilir. Hətta liderlər və məşhur şəxslər də astrologiyadan istifadə edirlər.
-Astroloji baxımdan insanın adı onun həyatına və xarakterinə təsir göstərə bilərmi?
-Astrologiyada insan adının bir təsiri yoxdur. Hər şey insanın öz əlindədir. Doğrudur, adların da müəyyən enerjisi var, həyatdakı hər şeydə enerji mövcuddur. Hətta oturduğumuz məkan belə müəyyən enerji daşıyır. Amma astroloji baxımdan insan taleyinə təsir edən yalnız göy cismlərinin-planetlərin hərəkətidir.
-Bununla yanaşı, bəzən insanlar arasında astroloqların məsləhəti ilə ad dəyişmə halları da müşahidə olunur. Həmin astroloqlar bildirirlər ki, “sizin adınız sizə düşmür” və xəritəyə baxaraq insana uyğun yeni ad müəyyən edirlər. Bu nə dərəcədə əsaslıdır?
-Bu hal, əminliklə deyə bilərəm ki, əsassızdır. Hər hansı təhsilli astroloqun yanına getsəniz, bunların heç bir əhəmiyyət daşımadığını söyləyəcək. Bu, sadəcə bir inancdır. Son zamanlar mən də bu barədə çox eşidirəm, hətta mənə müraciətlər də olur. Bir neçə nəfər yazıb ki, onlara ad dəyişməyi məsləhət görüblər. Mən isə həmin insanları bu fikirdən daşındırmışam.
Məsələn, yaxınlarda bir xanım mənə sosial şəbəkədən yazdı. Bildirdi ki, bir astroloqa müraciət edib, astroloq isə həm onun, həm də həyat yoldaşının adını dəyişməli olduğunu deyib və bunun üçün müəyyən məbləğdə ödəniş tələb edib. Daha sonra adlarını dəyişib, “bundan sonra həyatınızda uğur, bolluq, bərəkət olacaq” sözlərini deyib. Amma xanımın sözlərinə görə, əksinə, həyatları daha da çətinləşib, iflasa uğrayıblar, maddi sıxıntıları artıb. Başqa bir nümunə də var: 4-5 il əvvəl bir qadına, “sənin adın sənə düşmür, ona görə ilk evliliyində bədbəxtlik yaşamısan” deyərək, dini bir ad seçməyi məsləhət görüblər. Xanım adını dəyişib yenidən ailə qurub, amma nəticə əvvəlkindən də pis olub. Daha sonra yenidən köhnə adına qayıdıb. Məsələ ondadır ki, ad və soyad dəyişməklə insanın həyatı dəyişmir. Bəli, müəyyən enerjilər mövcud ola bilər, amma “adımı dəyişsəm, həyatım gözəl olacaq, bolluq-bərəkət gələcək” düşüncəsi yanlışdır. Bu, sadəcə bir biznesdir.Əslində insan adını deyil, düşüncə tərzini, həyata baxış bucağını dəyişməlidir. İnsan özü düzgün enerjidə olmalıdır ki, həyatı da düz getsin. Əgər bir insan pessimistdirsə, inamsızdırsa, daim neqativ düşünürsə, ona dünyanın ən gözəl adını da versən, dəyişməyəcək.
-Evlilik üçün ən uyğun qadın və kişi bürcləri hansılardır?
-Bu, bürclərlə deyil, doğum xəritəsi ilə düzgün partnyor seçimini müəyyən etmək mümkündür. Əgər biz sadəcə bürcdən danışsaq, bu, səthi bir anlayış olar. Çünki dediyim kimi, cəmi 12 bürclə bütün insanların xarakterini və taleyini izah etmək mümkün deyil. Məsələn, bu yaxınlarda mənə bir cütlük müraciət etmişdi. Onlar bilmək istəyirdilər ki, bir-birlərinə nə qədər uyğundurlar. Hər ikisinin doğum xəritəsini aldım və tərəfdaş haqqında detalları izah etdim. Hansı sahələrdə problemlə üzləşə bilərlər, həmin situasiyaları necə idarə edə bilərlər və hansı mövzularda uyğunluq və ya uyğunsuzluq mövcuddur. Cütlüklərin xəritəsində onların xarakterləri, uyğunluqları və potensial problemləri qarşılaşdırılır, eyni zamanda çıxış yolları da göstərilir. Həqiqətən də iki insanın birlikdə necə bir həyat sürəcəyini doğum xəritəsi vasitəsilə detallı şəkildə görmək mümkündür.
-Bəzən bir bürcün nümayəndələrinin tamamilə ayrı xarakterdə olduğunu görürük. Bu nə ilə bağlıdır?
-Bu, onların doğum xəritəsi ilə bağlıdır. Xəritədə Günəş bürcü Dolça olsa da, birinin Merkuri planeti Dolçadadır, digərinin isə Oğlaqda və ya Oxatandadır. Ay bürcü isə biri üçün Qoçda, digəri üçün Balıqdadır. Bu isə onların tamamilə fərqli olmasına səbəb olur. Eyni bürc altında doğulan insanlar var, amma onların hamısı bir-birinə oxşamır. Bəli, ortaq cəhətlər mövcuddur, çünki Günəş bürcləri eynidir. Lakin digər planetlərin yerləşimi fərqli olduğundan bütün bürc nümayəndələri eyni xarakterə malik olmur. Məsələn, Ay bürcləri fərqli olduqda insanların reaksiyaları da müxtəlif olur. Merkuri bürclərinin fərqliliyi isə onların düşüncə tərzinə təsir göstərir.
-Planetlər nəyi ifadə edir?
-Planetlərin hər biri önəmlidir.
Günəş- bizim xarakterimizdir, atamızdır və həyatda görünmək istədiyimiz yerdir.
Ay- duyğularımız, anamız və qeyri-ixtiyari davranışlarımızdır.
Merkuri-düşüncəmiz, təfəkkürümüz və insanlarla ünsiyyət tərzimizdir.
Venera-sevgimiz, bolluğumuz, bərəkətimiz və həyat zövqlərimizdir.
Mars-enerjimiz, iradəmiz, mübarizə və özümüzü müdafiə etmə üsulumuzdur.
Saturn-həyatda karmalarımız, çətinliklərimiz və blokajlarla üzləşəcəyimiz sahələrdir.
Yupiter-şansımız, uğur qazanacağımız məqamlar və ilahi dəstəyin gəldiyi sahələrdir.
Uran-azadlıq istəyimiz, dəyişikliklərimiz, yeniliklər və gözlənilməz hadisələrdir.
Neptun-xəyallarımız, ruhani dünyamız, ilhamımız və illüziyalarımızdır.
Pluton-gücümüz, transformasiya potensialımız və dərin dəyişikliklərimizdir.
Bütün planetlərin həyatımızda rolu var. Onların hamısını birləşdirib təhlil etdikdə isə insanın xarakteri, taleyi və baş verə biləcək hadisələr daha aydın görünür.
-Məşhurlardan müraciət daxil olurmu? Olursa əsasən nə ilə bağlı?
-Ətrafımda kifayət qədər tanınmış insanlar var. Onların doğum xəritələrini analiz edirəm. İşlərinə görə ən çox diqqət yetirdiyim iki sahə iş və münasibətlərdir.
-Günlük bürc proqnozları nə dərəcədə etibarlıdır?
-Bürc proqnozları yalnız astroloq tərəfindən həqiqətən doğum xəritəsi analizinə əsaslanarsa etibarlıdır. Astroloq xəritəni açır, enerjiləri izləyir və bürcə uyğun proqnoz verir. Ümumiyyətlə, proqnozlarla həyatı tam müəyyənləşdirmək düzgün deyil. Əgər sizin doğum xəritəniz varsa, yalnız o zaman işləriniz, münasibətləriniz və digər sahələr haqqında ətraflı proqnozlar verə bilərsiniz.
Fidan Hacızadə
Sfera.az