“Dərnəgül” istiqamətində hərəkət edən qatarlar niyə gecikir? - AÇIQLAMA

Bu gün "Bakı Metropoliteni"nin “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar 10 dəqiqəyə yaxın gecikib. Nəticədə “Nəriman Nərimanov” stansiyasının platformasında sərnişin sıxlığı yaranıb.
Sfera.az bildirir ki, məsələ ilə bağlı Teleqraf-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov qeyd etdi ki, “Dərnəgül” stansiyası istiqamətində gecikmələr sərnişin sıxlığını tənzimləmək üçün baş verir:
“Səhər saatlarında sərnişinlərin çox olduğu vaxtlarda sıxlığı tənzimləmək üçün səkkizdən doqquza qədər “Memar Əcəmi” stansiyasından iki qatar geri qaytarılır. Gecikmələr buna görə baş verir. Bununla “20 Yanvar”, “İnşaatçılar” “Memar Əcəmi” stansiyalarında sıxlıq tənzimlənir. Xüsusi monitorinq vasitəsilə bu stansiyaların ən sıx vaxtları müəyyən olunur. Buna görə də iki qatar geri qaytarılır.
Təbii ki, qatarlar “Memar Əcəmi”dən geri qaytarılırsa, bu o deməkdir ki “Dərnəgül”ə qədər qatar getmir. İki qatar üçün hərəkət vaxtı 3 dəqiqə 30 saniyədir. Dəqiqələri toplandıqda 7 dəqiqəlik interval yaranır. Bu 10 saniyə çox və ya az da ola bilər. Bu vəziyyət normal hesab olunur. Çünki biz sərnişin sıxlığını tənzimləməliyik”.






