Son zamanlar məktəbli uşaqlar arasında saç boyatma halları artıb. Yaş və cins fərqi olmadan bu meyl getdikcə daha geniş yayılır. Artıq məktəb mühitində də tez-tez rast gəlinən adi hal kimi qəbul edilir.
Maraqlıdır, uşaqlar arasında yayılan bu tendensiya hansısa sağlamlıq problemlərinə yol aça bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, SSRİ-nin ilk antioksidant preparatı Meksidolun həmmüəllifi Aydın Əliyev uşaq yaşlarında saç boyalarından istifadə hallarını təəssüflə qarşılaşdığını bildirib.
Onun sözlərinə görə bu, qətiyyən düzgün deyil:
“Saç boyalarının keyfiyyəti müxtəlif olsa da, onların uşaqlar üzərində istifadəsi həm sağlamlıq, həm də psixoloji baxımdan zərərlidir. Xüsusilə də boya dəriyə təmas etdikdə dərinin qidalanmasını poza, allergik reaksiyalara və müxtəlif dəri problemlərinə səbəb ola bilər”.
A.Əliyev bu cür addımların uşaqları yaşlarına uyğun olmayan davranışlara sövq etdiyini və onları süni şəkildə böyütməyə məcbur etdiyini qeyd edib:
“Uşaqlar bu mərhələləri təbii şəkildə, zəhmətlə və sağlam şəkildə keçməlidirlər. Buna görə də saç boyaları və digər kimyəvi vasitələr həkim məsləhəti olmadan uşaqlarda qətiyyən tətbiq edilməməlidir”.
Məsələyə psixoloji aspektdən yanaşan psixoloq Ülkər Məhərrəmova bu mövzunun olduqca aktual hesab edildiyini deyib.
Onun fikrincə, hal-hazırda valideynlik bacarıqlarının inkişafı müəyyən qədər zəif vəziyyətdədir:
“İnkişaf psixoloqları və ümumiyyətlə mütəxəssislər bildirirlər ki, ailədə uşaqların düzgün tərbiyə olunmaması böyük problemlərə yol açır. Bu da daha çox valideynlərin, xüsusilə də anaların öz uşaqlıqlarında yaşamadıqları hisslərə və təcrübələrə görə övladlarını həmin istiqamətdə yönləndirmələri ilə bağlıdır.
Burada uşağın rahatlığı, razılığı, yediyi qidanın, oturuşunun, geyiminin uyğun olub-olmaması çox vaxt nəzərə alınmır. Valideyn-övlad münasibətlərində empatiya və qarşılıqlı anlaşmaya əsaslanan sağlam bağ çox zaman qurulmur”.
Ü.Məhərrəmova xüsusən də uşaqların saçlarının rənglənməsi mövzusunun son illərdə daha çox sosial şəbəkələrin təsiri ilə gündəmə gəldiyini qeyd edib:
“Bütün dünyada sosial medianın geniş istifadəsi, məktəb yoldaşlarının təsiri, həmçinin moda trendləri uşaqların düşüncələrinə təsir göstərir. Reklamlarda və nümayişlərdə rənglənmiş saçlı uşaqların təqdim olunması da diqqət cəlb edir və uşaqlar özlərini həmin formada görmək istəyirlər. Bu, dostlar arasında daha çox diqqət çəkmək, fərqli görünmək və özünü göstərmək istəyi ilə də bağlıdır. Burada valideynlərin rolu xüsusilə böyükdür. Çünki onlar övladlarının daha dəbli və gözəl görünməsini arzulayır, bəzən də sosial şəbəkələrdə övladlarını ön plana çıxarmaq üçün onların saç düzümünü və rəngini dəyişirlər”.
Psixoloq əlavə edib ki, valideynlər bəzən uşaqlara azadlıq verdiklərini düşünürlər, lakin...
“Məsələn, saçlarını boyamağa icazə verirlər. Amma bunun fərqinə varmırlar ki, bu həm uşağın yaşına uyğun olmayan bir görünüş yaradır, həm də kimyəvi maddələrdən istifadə uşağın sağlamlığı üçün ciddi risklər doğurur. Ona görə də psixoloji tərəfdən baxdıqda görürük ki, məktəbyaşlı uşaqların özünüifadə formalaşması bu cür suallar ətrafında inkişaf edir: “Mən özümü necə təqdim etməliyəm? Mən özümü necə görməliyəm? Mən özümü necə görmək istəyirəm?” Uşaqlar bu suallara cavab axtararkən saç boyama, saç düzümü dəyişdirmə kimi yolları öz şəxsiyyətlərinin fərqliliyini ifadə etmə üsullarından biri kimi seçirlər”.
Onun sözlərinə görə, eyni zamanda “piercing” taxmaq, saçları müxtəlif rənglərə boyamaq kimi hallar da daha çox yeniyetmələrdə müşahidə olunur:
"Azyaşlı uşaqların saçlarını rəngləməsi çox vaxt valideynlərin təşviqi ilə baş verir. Bu isə uşaqların emosional və psixoloji inkişafına müsbət təsir göstərmir, əksinə stress faktorlarının yaranmasına gətirib çıxarır. Onlar davamlı olaraq fiziki görünüşə üstünlük verərək mükafatlandırılma ehtiyacı hiss edirlər. Psixoloqlar daim valideynlərə məsləhət görürlər ki, övladlarını yalnız zahiri görünüşlərinə görə qiymətləndirməsinlər. Əksinə, onların bacarıqlarını tez-tez xatırlatsınlar ki, uşaq diqqət mərkəzində olmağın yalnız gözəlliklə deyil, bacarıq və qabiliyyətlə də mümkün olduğunu anlasın. Əslində uşaqların böyüklərə bənzəmə arzusu hər zaman olub.
Çünki uşaq yaş dövrünə uyğun olaraq bədən, düşüncə və hormonal inkişafdan keçir, bu zaman da özünü böyüklər kimi göstərmək cəhdləri meydana çıxır. Burada valideynlərin rolu ondan ibarətdir ki, uşaqları düzgün istiqamətləndirsinlər. Azyaşlı və yeniyetmələr üçün valideyn dəstəyi hər zaman vacibdir. Uşaq saçını boyamaq kimi bir təkliflə çıxış edirsə, valideyn bunu təhlükəsiz və zərərsiz formada yönləndirə bilər. Məsələn, gündəlik həyat üçün deyil, xüsusi günlərdə- bayramlarda, ad günlərində və ya şənliklərdə obraz yaratmaq məqsədilə müvəqqəti rəngləyici vasitələrdən istifadə etmək olar. Amma gündəlik həyat üçün saç boyamaq uşağın yaşına uyğun deyil və sağlamlığı üçün də təhlükəli ola bilər. Çünki saç boyaları kimyəvi üsullarla hazırlanır. Qız uşaqları üçün isə valideynlər daha sadə və təhlükəsiz alternativlərdən-məsələn, rəngli bantlardan, saç aksessuarlarından istifadə edə bilərlər. Bu, həm uşağın özünü ifadə etməsinə imkan verir, həm də sağlamlığına zərər vermir”.
Fidan Hacızadə
Sfera.az