Tərbiyədə balans: sərbəstlik və qadağa necə olmalıdır?

Uşaqların tərbiyəsi valideynlər üçün ən önəmli və eyni zamanda mürəkkəb məsələlərdən biridir. Hər valideyn istəyir ki, övladı həm sərbəst düşünən, özünü ifadə edə bilən, həm də sosial qaydalara uyğun davranan şəxsiyyət kimi böyüsün. Lakin bu balansı qorumaq heç də asan deyil. Sərbəstliyin verilməsi və qadağaların qoyulması uşağın inkişafına birbaşa təsir edən amillərdir. Uşaq nə qədər sərbəst olsa da, müəyyən qadağalar olmadan böyüməsi məsuliyyətsiz və sosial qaydalara uyğun olmayan davranışlara səbəb ola bilər. Eləcə də, çox sərt qadağalar altında böyüyən uşaq da təşəbbüssüz və özünüifadəsiz ola bilər.
Buna görə də düzgün tərbiyə formasının seçilməsi uşaqların gələcək inkişafında önəmli rol oynayır.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Sfera.az-a açıqlamasında bildirib ki, sərbəstlik və qadağalar bir-birinə zidd deyil, əksinə, düzgün balanslaşdırıldıqda uşağın sağlam şəxsiyyət kimi formalaşmasına xidmət edir.
Onun sözlərinə görə, uşağa qadağaların tətbiqi psixoloji baxımdan 2-3 yaşından etibarən başlaya bilər:
“Bu yaş dövründə uşaq sosial mühitlə tanış olur və ilk sərhədləri hiss etməyə başlayır. Valideynlər bu mərhələdə sadə, aydın və əsaslandırılmış qadağalar tətbiq etməlidirlər. Qadağalar cəza formasında olmamalıdır, əksinə, izah üzərində qurulmalıdır. Məsələn, “stolu çırpma” deməkdənsə, “stolu çırpanda səs çıxır və bu, başqalarına narahatlıq yaradır” kimi izah uşağa davranışın səbəb-nəticə əlaqəsini öyrədir”.

Psixoloq vurğulayıb ki, sərbəstlik uşağın inkişafında eyni dərəcədə önəmlidir:
“Sərbəstlik uşağa özünü ifadə etmək, seçim etmək və məsuliyyət daşımaq imkanını verir. Məktəbəqədər yaşda uşaq geyimini seçə bilər, amma valideyn uyğun variantlar təqdim etməlidir. Məktəb dövründə isə sərbəstlik daha çox dərslərə yanaşma, hobbi seçimi, dostlarla ünsiyyət kimi sahələrdə verilməlidir. Valideynin rolu nəzarətçi deyil, dəstəkləyici olmaqdır. Qadağaların çox olması uşağı itaətkar, lakin təşəbbüssüz edə bilər. Çox sərbəstlik isə uşağın məsuliyyətsiz və sərhədsiz davranışlar göstərməsinə səbəb ola bilər. Balansın əsas şərti uşağın yaşı və inkişaf səviyyəsinə uyğun sərhədlərin müəyyən edilməsidir. Uşaq böyüdükcə sərbəstlik artır, qadağalar isə daha çox təhlükəsizlik və sosial qaydalarla məhdudlaşır”.
Mütəxəssis əlavə edib ki, valideynlərin diqqət etməli olduğu əsas məqam sərbəstliyin uşağın müstəqil düşünməsini, qadağaların isə onun təhlükəsiz və sosial qaydalara uyğun davranmasını təmin etməsidir:
“Hər iki vasitə: sərbəstlik və qadağa uşağın şəxsiyyətinin sağlam inkişafına xidmət edən tamamlayıcı elementlərdir. Uşağa sərbəstlik verərkən onun məsuliyyətini inkişaf etdirmək, qadağa qoyarkən isə təhlükəsizliyi qorumaq əsas prioritet olmalıdır”.
Elnur Rüstəmov qeyd etdi ki, düzgün balanslaşdırılmış tərbiyə uşaqlarda həm özünüifadə bacarığını, həm sosial davranış vərdişlərini, həm də qərar vermə qabiliyyətini inkişaf etdirir. Valideynlərin məqsədi uşağın həm müstəqil, həm də qaydalara uyğun davranan şəxsiyyət kimi yetişməsini təmin etmək olmalıdır.
Bəsti Rəfizadə
Sfera.az






