1991-ci ildən bu günədək Bakıda 9 yeni metro stansiyası istifadəyə verilib. Halbuki Sovet dövründə cəmi 22 il ərzində 18 stansiya tikilmişdi. Bu da göstərir ki, Sovet vaxtında hər stansiyanın tikintisi orta hesabla 14 ay çəkirdisə, müstəqillik illərində bu göstərici təxminən 45 ay-yəni 3 ildən çoxdur.
Hazırda isə paytaxtda yeni “B-4” stansiyasının inşası davam etdirilir və işlərin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır. Stansiyanın platforma və vestibüllərində montaj və tamamlama mərhələləri görülür.
“Bakı Metropoliteni"nin 28-ci stansiyası istifadəyə veriləcək. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi son 34 ildə istifadəyə verilən stansiyaların sayı niyə azdır? Daha çox stansiyaların tikilməsi üçün nə edilməlidir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Bakı Metropoliteninin inkişaf layihəsi artıq mövcuddur və hazırda bu istiqamətdə işlər aparılır:
“Yeni stansiyaların inşası, depoların yaradılması, qatarların gətirilməsi kimi proseslər həyata keçirilir. Bildiyiniz kimi, bu sahə üzrə dövlət proqramı mövcuddur. Söhbət 2025–2030-cu illəri əhatə edən, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramından gedir”.
Ekspert layihənin paytaxtın Baş planına əsasən hazırlandığını və əsas məqsədlərdən birinin sərnişin daşımalarını daha təhlükəsiz, rahat və keyfiyyətli etmək olduğunu əlavə edib.
O qeyd edib ki, artıq metroda görülən işlər də məhz həmin proqram çərçivəsində icra olunur:
“Gözlənilir ki, stansiyaların sayı artırılsın, lakin bu sadə proses deyil. Bunun üçün böyük maliyyə vəsaiti tələb olunur, həmçinin hər bir stansiyanın rentabelliyi nəzərə alınmalıdır. Mənim əldə etdiyim məlumata görə, 2030-cu ilə qədər bir neçə yeni stansiyanın inşası planlaşdırılır”.
Fidan Hacızadə
Sfera.az