Qohum evliliyini bu üsulla qanuniləşdirmək istəyirlər - YENİ TENDENSİYA

Bu ildən Azərbaycanda qohum evliliklərinin qadağan edilməsi rəsmiləşib. Lakin hələ də bəzi ailələr bu qanunvericiliyə əməl etmir və müxtəlif yollarla belə nikahların baş tutmasına şərait yaradırlar. Hətta valideynlik hüququndan imtina etməklə qohum evliliyinə yol açmağa çalışanlar da var.
Mütəxəssislər bildirirlər ki, valideynlər qohumluq əlaqəsindən imtina etsələr belə, bioloji yaxınlıq olduğu halda bu evliliklər qanunla icazə verilən hal hesab edilmir.
Bəs qanunvericilik bu məsələ ilə bağlı nə deyir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Emil Aslanov bildirib ki, valideynlik hüququndan məhrumetmə qaydası Ailə Məcəlləsinin 65 və 66-cı maddələri ilə tənzimlənir:

“Qanunvericiliyə əsasən, bu işlərə məhkəmə qaydasında baxılır və iclaslarda müvafiq icra hakimiyyəti nümayəndələrinin iştirakı təmin edilir. Valideynlərdən biri digər valideynin valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət edə bilər. Bunun da əsasları var: valideynlik vəzifələrinin yerinə yetirilməməsi, alimentin qəsdən ödənilməməsi, uşağın doğum evindən və ya sosial xidmət müəssisəsindən götürülməsindən imtina, valideynlik hüquqlarından sui-istifadə, uşaqlara qarşı məişət zorakılığı, xroniki alkoqol və narkomaniya xəstəliyi, uşağın və ya həyat yoldaşının sağlamlığına qarşı cinayət törədilməsi, uşaqlara qarşı cinsi istismar və zorakılıq halları bu əsaslar sırasına daxildir”.
Vəkilin sözlərinə görə, qohum evlilikləri ilə bağlı valideynlik hüququndan məhrumetmə məsələsinin gündəmə gətiriləcəyini düşünmək düzgün deyil:
“Bu, olduqca ciddi bir prosesdir. Sadəcə qohum evliliyi səbəbindən kimsənin valideynlik hüququndan məhrum ediləcəyini real hesab etmirəm. Hətta valideynlik hüququndan məhrum edildikdə belə, həmin övlad bioloji baxımdan onun uşağı olaraq qalır. Yalnız başqa şəxsin övladlığa götürməsi mümkündür ki, bu da çox mürəkkəb prosedurdur. Məhkəmə övladlığa götürülmə səbəblərini ciddi şəkildə araşdırır. Əgər sübut olunarsa ki, övladlığa götürmə real ailə münasibətindən yox, başqa məqsədlərdən irəli gəlir, iddia təmin edilmir”.
Firuzə Əliyeva






