Bu maşınlarda qapı dəstəyi olmayacaq

Bu maşınlarda qapı dəstəyi olmayacaq
Kateqoriya məlum deyil
T

Son illərdə elektrikli avtomobillərin ən çox seçilən dizayn elementlərindən biri olan tam gizlənmiş qapı tutacaqları artıq tarix ola bilər. 

 

Sfera.az xarici KİV-ə istinadla xəbər verir ki, Çin tənzimləyici qurumları bu detalı həm təhlükəsizlik, həm də funksional problemlərə görə qadağan etməyə hazırlaşır. Yeni qaydaların qəbul olunması ilə avtomobil istehsalçılarını dizayn yanaşmalarını dəyişməyə məcbur edəcək böyük bir dönüşüm gözlənilir.

 

Çində avtomobil sənayesinə nəzarət edən qurumlar, fövqəladə hallarda təhlükəsizlik riskləri yaratdığı və istifadədə çətinliklərə səbəb olduğu üçün tam gizlənmiş qapı tutacaqlarını (qollarını) qadağan etmək niyyətindədir. Əldə olunan məlumata görə, bu qaydaların layihəsi artıq hazırlanıb və yaxın günlərdə yekunlaşacaq. Qadağanın 2027-ci ilin iyulundan qüvvəyə minməsi nəzərdə tutulur.

 

Yeni tələblərə əsasən, yarı gizlənmiş və klassik tip qapı dəstəkləri istifadədə qala biləcək, lakin onlarda mütləq mexaniki ehtiyat sistem olmalıdır. Qaydalara həmçinin qəza anında qapıların avtomatik açılmasını təmin edən mexanizmlərin daxil edilməsi planlaşdırılır.

 

Mütəxəssislər bildirirlər ki, gizli qapı tutacaqları dizayn baxımından cazibədar və aerodinamik baxımdan müəyyən üstünlüklər versə də, real nəticələr iddia edilən qədər təsirli deyil. Sürtünmə əmsalında cəmi 0,01 Cd azalma 100 km-də təxminən 0,6 kWh enerji qənaəti yaradır ki, bu da evdə şarj olunan avtomobillər üçün hiss olunmayan göstəricidir. Üstəlik, əlavə mexanizmlərin yaratdığı 7–8 kq artıq çəki bu üstünlüyü neytrallaşdırır.

 

Digər tərəfdən, elektron qapı tutacaqları mexaniki variantlardan üç dəfə bahalıdır və nasazlıq riski səkkiz dəfə çoxdur. Soyuq hava, enerji itkisi və yanğın hallarında onların işləməməsi sərnişinlərin xilasını çətinləşdirir. Çin Avtomobil Təhlükəsizlik İndeksinin testlərinə görə, belə qollar yan toqquşmalarda yalnız 67% hallarda açıla bilir. Mexaniki qollarda isə bu göstərici 98%-dir.

 

Çin Milli Qəza Dərin Araşdırma Sistemi də 2024-cü ildə qapı tutacaqları ilə bağlı qəzalarda 47%-lik artım qeydə alındığını açıqlayıb. Onların 82%-i məhz gizli qolların yaratdığı problemlərlə bağlıdır.

 

Bəzi istehsalçılar isə daha ehtiyatlı mövqe tutur. Məsələn, "Volkswagen" hər zaman yarı gizlənmiş qolları seçib. "FAW-Audi"nin yeni modellərində qəza zamanı mexaniki qolu aktivləşdirən qırmızı çəkmə ipi əlavə edilib ki, bu da xilasetmə qruplarının işini asanlaşdırır.

 

Müzakirələr yalnız qapı qolları ilə məhdudlaşmır. Tam sensorlu ekranların fiziki düymələri əvəz etməsi, panoramik şüşə tavanların təhlükəsizliyi və elektron güzgülərin effektivliyi də gündəmdədir. Həmçinin, sükan sensorunu aldatmaq üçün istifadə olunan ağırlıq halqalarının qəzalara yol açması da tənqid olunur.

 

Beynəlxalq səviyyədə də oxşar yanaşmalar müşahidə edilir. Euro NCAP açıqlayıb ki, 2026-cı ildən etibarən siqnal, təcili işıqlar, şüşəsilən və SOS kimi kritik funksiyaları yalnız sensor ekrana inteqrasiya edən avtomobillər beş ulduzlu təhlükəsizlik qiyməti ala bilməyəcək.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR