Bürclərə inanmaq sadəlövhlükdür? - Astroloq açıqladı

Bürclərə inanmaq sadəlövhlükdür? - Astroloq açıqladı
Kateqoriya məlum deyil
T

Bəzi insanlar bürclərə və astroloji proqnozlara maraqla yanaşsa da bəziləri bunu qeyri-elmi hesab edərək inamsızlıq göstərirlər. Hətta bürclərə inanan insanları cahillikdə və ya sadəlövhlükdə günahlandıranlar da var. Fərqli düşünənlər də az deyil. 

 

Bəs bürclərə inamı cahillik kimi qiymətləndirmək doğru yanaşmadırmı? Həqiqətən bürclərin gündəlik həyatımıza təsiri varmı?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən astroloq Aytən Salami astrologiyanın tarix boyu öz aktuallığını qoruduğunu deyib.

 

O bildirib ki, ilk insanlardan başlayaraq, Günəşin parıltısı, ulduzların və Ayın hərəkəti, yeni aylar və tutulmalar insanların həyatına və inanclarına təsir edən amillərdən biri kimi qəbul edilib: 

 


“Müasir dövrdə astrologiyaya yanaşdıqda görürük ki, bu sahə haqqında məlumatsız olan insanlar onu yalnız bürclərlə əlaqələndirirlər. Halbuki, bir çox peşəkar astroloq bildirirlər ki, astrologiyanı sadəcə bürclərlə məhdudlaşdırmaq düzgün deyil. Bu, normal bir haldır, çünki əslində təkcə bürclərə inanmaq lazım deyil.
Astrologiya yalnız bürclərdən ibarət deyil. Burada həm bürclər, həm evlər, həm də ən əsası planetlər və onların hərəkətləri mühüm rol oynayır. Yerdə milyardlarla insan yaşayır və onların həyatını, taleyini yalnız 12 bürcə bölmək heç də elmi və dəqiq yanaşma sayıla bilməz.
Astrologiyanın əsasını insanın doğum xəritəsi təşkil edir”. 

 

Astroloq hər bir fərdin həyat yolunun və gələcəyinin onun doğum tarixi, saatı və həmin an göy cisimlərinin mövqeyi əsasında formalaşdığını qeyd edib: 


“Sadəcə bürclərə dair proqnozlar isə astrologiyanın daha çox kommersiya hissəsidir. Əgər bu proqnozlar peşəkar astroloq tərəfindən düzgün hazırlanarsa, onun dəqiqliyi 40-50 faiz olur. Qalan hissə isə hər bir insanın xarakterinin fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişir”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR