Demoqrafik vəziyyət şagird sayına təsir edir - Vəziyyət bir qədər də pisləşəcək

Demoqrafik vəziyyət şagird sayına təsir edir - Vəziyyət bir qədər də pisləşəcək
Kateqoriya məlum deyil
T

Son 10 ildə Azərbaycanda birinci sinifə gedən şagirdlərin sayında ciddi azalma qeydə alınıb. Əgər 2015–2016-cı tədris ilində təxminən 157 min uşaq məktəbə qədəm qoymuşdusa, 2025-ci ildə bu rəqəm 130 minə enib. Son on ildə təqribən 27 min şagirdlik geriləmə müşahidə olunur.


Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sfera.az-a açıqlama verib.

 

Onun sözlərinə görə, bu azalma Azərbaycanın demoqrafik mənzərəsi ilə birbaşa bağlıdır:


“Dünyanın əksər ölkələrində təbii artım səngiməklə müşahidə olunur. Azərbaycanda uzun illər ərzində yüksək artım tempi qeydə alınsa da, son illərdə bu sahədə ləngimə baş verir. Statistikaya görə, əhali artımı davam etsə də, eyni dövrdə yaşlıların sayı kəskin şəkildə artıb. Bu da təbii artımın keyfiyyətini zəiflədir”.


Üzeyir Şəfiyev qeyd edib ki, sovet dövründə çoxuşaqlı ailələr dövlət tərəfindən təşviq olunurdu – uşaq pulu, imtiyazlar, “Qəhrəman ana” statusu kimi sosial dəstək mexanizmləri mövcud idi. Onun sözlərinə görö, bu siyasət nəticəsində çoxuşaqlı ailələr geniş yayılmışdı:


“Lakin müstəqillik dövründə və qloballaşma prosesinin təsiri ilə Azərbaycan cəmiyyətində də “azuşaqlı, lakin keyfiyyətli böyümə” modeli üstünlük qazanıb. Təhsil, mənzil, karyera və sosial təminat kimi amillər valideynləri daha çox 1–2 uşaqla kifayətlənməyə sövq edir.
Son illər gənclərin ailə qurmağa marağının azalması, eyni zamanda boşanmaların artması da təbii artıma mənfi təsir göstərən əsas səbəblərdən biridir. Bu tendensiya birinci sinfə gedən uşaqların sayında da özünü göstərir”.


Sosioloqun məlumatına görə, Azərbaycanda gənclərin ümumi əhali arasındakı çəkisi də azalır.


“Əgər 10 il əvvəl gənclər 29–30 faiz təşkil edirdisə, indi bu rəqəm 21–22 faizə düşüb. Əvəzində isə yaşlıların payı sürətlə artır. Bu proses davam edərsə, gələcəkdə ölkədə əhalinin qocalması sindromu ilə üzləşmək mümkündür. Təbii artımda azalma davam etsə, gələcəkdə həm səfərbərliklə bağlı, həm də əmək bazarında ciddi çətinliklər yaşana bilər. Digər təhlükəli məqam isə təbii artım zəiflədikcə miqrasiya proseslərinin güclənməsidir. Avropanın üzləşdiyi miqrant problemi ilə biz də rastlaşa bilərik”.

 


Mütəxəssis hesab edir ki, demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün dövlətin stimullaşdırıcı addımlar atmasına ehtiyac var:

 

""Uşaqpulu"nun bərpası, gənc ailələrin mənzil təminatına güzəştlər, faizsiz kreditlər, nikahın təşviqi üçün sosial layihələr olmalıdır". 


O Türkiyənin nümunəsini göstərərək bildirib ki, bu ölkədə 2025-ci il “ailə ili” elan olunub və gənc ailələr üçün mənzil və toy dəstəyi proqramları tətbiq olunur.

 

"Azərbaycanda da oxşar təşviq siyasətləri həyata keçirilməlidir", - deyən sosioloq bildirdi ki, birinci sinif şagirdlərinin sayında azalma yalnız təhsil sahəsinin deyil, həm də ölkənin demoqrafik gələcəyinin əsas problemlərindən birinə çevrilməkdədir. 


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR